Bakıda bina tikən  biznesmenə qarşı yarım milyonluq  DƏLƏDUZLUQ
16 yanvar 2026 12:30 (UTC +04:00)

Bakıda bina tikən biznesmenə qarşı yarım milyonluq DƏLƏDUZLUQ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkara çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək, ona qarşı dələduzluq edən Aydın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Rövşən Hüseynov ifadəsində sahibkar Azadxan Xanməmmədovun müəyyən işlərinin icraçısı olduğunu vurğulayaraq, onun vasitəsilə təqsirləndirilən Aydın Cəfərovu tanıdığını deyib:

"Azadxan əmi bina tikintisi ilə bağlı müəyyən sənədləşmə prosedurlarını həll etməyi mənə həvalə etmişdi. Mən də araşdırdım, bu məsələyə görə Aydın Cəfərovla tanış olub danışdım. O, tikintinin şəhərsalma ilə bağlı sənədlərin həll olunması üçün 500 000 manat istədi. Bu məbləği Azadxan əmiyə deyəndən sonra onları görüşdürdüm. Məni onunla Ceyhun adlı şəxs tanış etmişdi və Aydın Cəfərovu yüksək vəzifəli şəxsin köməkçisi kimi təqdim etmişdi. Pulu verəndə Müşfiq və Ceyhun dedi ki, Aydın müəllim heç kimi qəbul etmir, pulu biz götürərik. Azadxan əmi həmin məbləği onlara verdi".

Qeyd edək ki, bundan bir müddət sonra zərərçəkən iş adamına Aydın Cəfərov tərəfindən zəng olunaraq, sənədlərə görə daha 225 000 manat tələb olunub.         

Tərəflərin münasibəti də bundan sonra pozulub. Azadxan Xanməmmədov verdiyi pulu geri istəsə də, məbləğ qaytarılmayıb.

Növbəti proses 13 fevral saat 16:00-a təyin olunub.

Xatırladaq ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında "Azland Residence" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.

O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.

"Alliance Plaza"dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmedovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.

Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb.

Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506.000 manat məbləğində pulu mənimsəyərək, ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar