Bakıdan gedən sərnişin Rusiyanın Yekaterinburq şəhərindəki “Koltsovo” hava limanında saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, ondan təxminən 100 kiloqram kəlbətin və 40 ədəd gilyotin bıçaq dəsti götürülüb.
Çelyabinsk vilayətində yaşayan kişi bildirib ki, bu alətləri öz vəsaiti ilə alıb və dostu üçün aparırmış. O, bu cür malların bəyan edilməli olduğunu bilmədiyini, onların şəxsi istifadə üçün nəzərdə tutulduğunu düşündüyünü və hava limanındakı məlumat lövhələrinə və səsli elanlara diqqət yetirmədiyini deyib.
Sərnişin barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinin 1-ci bəndi (malların bəyan edilməməsi) faktı üzrə inzibati iş açılıb.