"Bu qədər ləyaqətsizliyin qabağında  susmaq olmur" - Anar Əsədli  məhkəmədə danışdı
19 dekabr 2025 19:12 (UTC +04:00)

"Bu qədər ləyaqətsizliyin qabağında susmaq olmur" - Anar Əsədli məhkəmədə danışdı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, çıxış edən Anar Əsədli ittiham aktının qüsurlu tətbiq olunduğunu deyib:

"Həbsimi sifarişli hesab edirəm. 2022-ci ilin oktyabrında Mütəşəkkil  Cinayətkarlıqla Mübarizə İdarəsindən telefon gəldi ki, səndən şikayət var. Getdim, ifadəmi verdim. Məlum oldu ki, 3 nəfərin şikayəti varmış, özü də bu 3 nəfər mənim ilərlə tanıyıb bildiyim insanlardır. 2023-cü ilin 21 aprelində yenidən dəvət olundum, 15 dəqiqədən sonra həbs olundum. 7 ay sonra iş yenidən başladı. Zərərçəkmiş deyilən şəxslərlə illərdir dostluq münasibətim vardı.

Bu adamların yenidən üzümə qoyulacağı deyilirdi. Oqtay Qasımov, İlham Hüseyn, Etibar Nəsib məndən şikayətçi olan şəxslərdir. Oqtay Qasımov demək olar ki,  evimdən çıxmırdı. İlham mənə "siyasi liderim" deyirdi. Amma bu gün gəlib mənim həbsimə  çalışır. Etibarla 2017- 2018-ci illərdə tanış olmuşam, yaxın  münasibətimiz olub. Atam rəhmətə gedəndə ondan  5000 aldım, 2000- ni verdim, 3000 qaldı. Pulu ona qaytaranda isə götürmədi. Mənim mənəvi suçum idi ki, bunlara inanmışam. Bunlara həmişə mən dəstək olmuşam, 7 ay susdum, amma bu qədər ləyaqətsizliyin qabağında susmaq olmur. Gedib vaxtilə mənim iş münasibətim olan 10-15 adamla görüşüb ki, gəlin Anarın üzünə duraq.

Mən müxtəlif ölkələrdə, müxtəlif  dövlət adamları ilə görüşmüşəm. Bu ciddi maliyyə tələb edir. Təbii ki, mənə dostlarım kömək edirdilər. Bu da gedib onları dilə tutur ki, gəlin Anar Əsədlinin sizə borcunun olduğunu deyin.

2022-ci ilin oktaybrında keçmiş nazirlərdən biri məni çağırdı ki, Oqtay Qasımov səndən şikayətçidir, pul söhbəti var. Zəng vurdum buna, dedi ki, olmayıb elə söhbət, qələt  edirlər. Oqtay Qasımovun iddia etdiyi bütün məbləğ qaytarılıb. İlhamın da pulu qaytarılıb. Etibar da 3000 manat pulunu qaytarmışam, pulu götürməyib. Onun niyyəti o pulu verəndə  pis olub ki, sonra məni həbs etdirsin. Oqtay  utanmadan gedib Yeni Müsavata müsahibə verir ki, Anar Əsədli və onun müavinini rədd edin, bunlar təhlükəlidirlər".

Vəkil Zibeydə ev dustaqlığı ilə bağlı vəsatət verib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etmədiyini bildirib. Növbəti proses  yanvarın 9-na təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Anar Əsədov yüksək gəlir gətirmə adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlada pul alıb. O, ümumilikdə 255 min manat alıb. Həmin puldan 23 min manatı geri qaytarıb.

Anar Əsədli Etibar  Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb.

Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar