Erməni əsirliyindən  xilas olunan əsgər Bakıda dalaşdı,  cinayət işi açıldı
07 mart 2026 17:10 (UTC +04:00)

Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı, cinayət işi açıldı

0

Bakıda sürücülər arasında dava olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

İttiham aktına görə, 22 yaşlı Rəcəb Muxtarov (ad və soyad şərtidir) “Kia Pride” markalı avtomobili dövlət qeydiyyat nişanı üzərində olmadan idarə edib. Bu zaman “Mercedes” markalı avtomobil onu ötərək keçib. “Mercedes” sürücüsünün bu hərəkəti Rəcəbin xoşuna gəlməyib. Buna görə də onlar arasında dava olub. Dava zamanı Rəcəb əlindəki dəmir parçası ilə özündən yaşca çox böyük olan zərərçəkənin sifətinə zərbə vurub. Nəticədə zərərçəkənin burnu sınıb və bir sıra xəsarətlər alıb.

Buna görə də o saxlanılıb və barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Təqsirləndirilən Rəcəb Muxtarov bildirib ki, Naxçıvanda hərbi xidmətdə olub. Xidmət zamanı hava dumanlı olduğu üçün digər əsgər yoldaşı ilə azaraq Ermənistan tərəfə keçib. 9 ay bu ölkədə əsirlikdə saxlanılıb və sonradan Azərbaycana qaytarılıb. Zərərçəkən isə bildirib ki, Rəcəb onu “beşbarmaq”la vurub. Onun sözlərinə görə, Rəcəb həmin alətlə sifətinə iki dəfə yumruqla vurub. O, yerə yıxılandan sonra Rəcəb təpiklə ona zərbələr də vurub. Sonra dostları ilə birgə çıxıb gediblər.

Zərərçəkən şəxs təqsirləndirilən şəxslə barışdıqlarını və onun həbs olunmasını istəmədiyini deyib.

Məhkəmənin qərarı ilə Rəcəb Muxtarov barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq tapşırılıb, eyni zamanda Bakını tərk etmək və kütləvi tədbirlərə qatılmaq qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar