Bakıda qızını qətlə yetirməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxsə 18 il cəza verilməsini istəyib.
Vəkil müdafiə etdiyi şəxsin əməlini CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza verilməsini xahiş edib.
Son söz hüququndan istifadə edən Yelmar Atakişiyev qızına xəsarətlər yetirəndən sonra, Təcili Tibbi Yardım briqadasının çağırılmasına mane olmadığını, ittiham aktında yazılanların yalan olduğunu deyib. O, özünü xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilməyib. Zərərçəkmişin hüquqi varisinə hakim dəfələrlə xəbərdarlıq edib ki, onun çıxışına mane olmasın.
Məhkəmənin hökmü ilə Yelmar Atakişiyev 16 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, hadisə ötən il noyabrın 8-də Zabrat qəsəbəsində baş verib. Daxil olan məlumat əsasında 15-ci polis bölməsinin əməkdaşları evdə 42 yaşlı Cəmalə Atakişiyevanın, üzərində zorakılıq əlamətləri olan meyitini aşkar ediblər. Şübhəli şəxs qismində mərhumun atası Yelmar Atakişiyev saxlanılıb. Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq orqanı ona CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verib.