Kasıb oğlan evlənmək üçün görün nə etdi? - Film kimi CİNAYƏT
22 fevral 2024 17:42 (UTC +04:00)

Kasıb oğlan evlənmək üçün görün nə etdi? - Film kimi CİNAYƏT

“Çox uzun vaxt idi ki, ondan xoşum gəlirdi. Evlənmək istəyirdim. Bunun üçün də qaçırmaq qərarına gəldim”.

Lent.az xəbər verir ki, bu sözləri məhkəmə qarşısında yetkinlik yaşına çatmamış qızı qaçırmaqda təqsirləndirilən A.M (ad şərtidir) deyib. 

Hadisə 2023-cü ilin aprelin ayının 20-də Cəlilabad rayonunda qeydə alınıb. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Ş.A-nın itməsi barədə ailə üzvləri polisə müraciət edib. Aparılan istintaq araşdırmaları nəticəsində qızı qonşuları 1993-cü il təvəllüdlü A.M və onun 1994-cü il təvəllüdlü dayısı oğlu H.B-nın qaçırdığı üzə çıxıb. Onlar şübhəli bilinərək həbs edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, A.M həmin qızı sevdiyi və evlənmək istədiyi üçün qaçırıb. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə baxılıb. 

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs A.M ifadəsində göstərib ki, xeyli müddətdir qonşuda yaşayan Ş.A-nı sevir:

“Uzun müddətdir ki, Ş.A-dan xoşum gəlirdi. Bunu onun özünə deməmişdim. Qonşu kimi ailəsi ilə ünsiyyətimiz yaxşı idi. Qızın orta məktəbdə oxuduğunu bilsəm də, yaşından xəbərsiz idim. Xoşum gəlirdi ondan, amma ailəmin maddi durumu yaxşı deyildi. El adəti ilə toy edə bilməyəcəkdim. Bakıya işləmək üçün getdim, orda qərar verdim ki, onu qaçırım, sonra da evlənim. Elə bunun üçün də təzədən rayona qayıtdım”. 

O qeyd edib ki, qızı qaçırmaqda köməklik etməsi üçün dayısı oğlunu aldadıb:

“Dayım oğlu H.B-dan mənə kömək eləməsini istədim. Əvvəl razı olmadı. Onu aldatdım ki, qız da məni sevir, mənimlə qaçmaq istəyir. Sonra razılaşdı, atasının maşını ilə gələcəyini dedi. Elə həmin gün onlara gedəndə Ş.A-nın evlərindən çıxıb məktəbə getdiyini gördüm. Qız məktəbdən evə qayıdanda həyətdə onun qolundan tutub məcburi maşına mindirdim. Dərhal maşınla həmin yerdən uzaqlaşdıq. Dayım Nurəddinin evinə aparmağı düşünürdüm, amma o, evdə olmadığı üçün digər dayımgilə getdim. Dayımın yoldaşı qızın yaşının az olduğunu, problem yaranacağını dedi. Zəng edib dayılarıma hadisəni xəbər verdi. Hamısı xəbəri eşidən kimi evə gəldilər. Amma onlara geriyə yol olmadığını dedim. Bir az keçmişdi ki, bir qrup polis əməkdaşlarının evə tərəf gəldiklərini gördüm. Evdən qaçıb, çayda iki gün gizləndim. Amma sonra polislər tutdu. Törətdiyim əmələ görə peşmanam”. 

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Ş.A bildirib ki, A.M-nı tanıyır, onunla qonşudur:

“Qonşu kimi onunla və ailə üzvləri ilə münasibətim yaxşı olub. Hazırda 11-ci sinifdə oxuyuram. Hazırlıqdan evə qayıdanda tanımadığım maşın yanımda saxladı. İçərisindən A.M düşərək, qollarımdan tutub maşına mindirdi. Qışqırıb kömək istəsəm də heç kim səsimi eşitmədi. 

Sonra sürücü avtomobili hansısa küçəyə sürüb tanımadığı bir evin qarşısında avtomobili saxladı. Sonra A.M qollarımdan tutub zorla avtomobildən düşürdü. Evdəki xanımlar nə baş verdiyini soruşdu, A.M da onlara aidiyyəti olmadığını dedi. Orada olarkən həmin qadınların adının İradə və Kəmalə olduğunu eşitdim. Mən ağlamağa başladım, həmin iki xanım narahat olmamağımı, məni evə aparacaqlarını dedi. Həm də dedilər ki, onlar A.M-dan qorxurlar”. 

Qız qeyd edib ki, uzun müzakirələrdən sonra onu başqa bir evə aparıb, otaqda saxladılar:

“Məndən anamın şikayətini geri çəkməyini istədilər. Buna etiraz etdim, A.M-nın layiqli cəzasını çəkəcəyini dedim. Sonra məni başqa evə aparıb, bir neçə saat otaqda saxladılar. Bir müddət keçdi, gəlib məni həyətə çıxaranda polislərin olduğunu gördüm. 

Mən heç vaxt A.M ilə sevgi münasibəti qurmamışam. Heç onun məni istədiyindən xəbərim olmayıb. Məcbur məni qaçırıb. Ondan şikayətçiyəm. Müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş edirəm”.

Sonda məhkəmənin yekun qərarı ilə A.M 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Ona bu işdə kömək edən dayısı oğluna isə 10 il həbs cəzası verib. Hər ikisi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

# 4257
avatar

Fidan İlqar

Oxşar yazılar