Azərbaycan xilasediciləri sərhəddə gözləyir - PREZİDENTDƏN TAPŞIRIQ  - YENİLƏNİB
11 noyabr 2025 19:40 (UTC +04:00)

Azərbaycan xilasediciləri sərhəddə gözləyir - PREZİDENTDƏN TAPŞIRIQ - YENİLƏNİB

0

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya zəng edib.

FHN-dən Lent.az-a verilən məlumata görə, nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbr dilədiyini bildirib.

Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir K.Heydərov, faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib.

Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib.

Türkiyəli nazir Ə.Yerlikaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir.

***
18:57

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub. Nazir K.Heydərov ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.

Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar