Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistral yolunun Şağlaser kəndi ərazisində qeydə alınıb.
Ruslan Elşən oğlu Ağayevin idarə etdiyi "Audi" markalı, 99-ST-366 dövlət qeydiyyat nişanlı avtomobil avtobusdan düşüb yolu keçmək istəyən piyada – Lənkəran rayonunun Xarxatan kənd sakini, 49 yaşlı Xanım Məhərrəm qızı Nəsirovanı vurub.
Xəsarət alan qadın dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona başın ənsə nahiyəsinin böyük ölçülü yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyublar. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib.
Daha sonra həkimlərin qərarı ilə Xanım Nəsirovanın Bakıya göndərilməsi məqsədəuyğun sayılıb. Lakin o, paytaxta aparılarkən yolda dünyasını dəyişib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.