Məsuliyyətsiz sürücülər tədbir keçirilən yollarda QƏZA TÖRƏTDİ
08 noyabr 2021 15:35 (UTC +04:00)

Məsuliyyətsiz sürücülər tədbir keçirilən yollarda QƏZA TÖRƏTDİ

Noyabrın 6-dan Dövlət Yol Polisi Bakıda keçirilən "Zəfər günü" tədbirləri ilə əlaqədar olaraq sürücülərə əsasən paytaxtın "Azneft" dairəsindən Qənimətlər parkına qadər olan hissəsində  kütləvi tədbirlərin keçiriləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, hansı küçə və prospektlərin bağlı olacağı barədə ətraflı məlumat verilib:

"Təəssüf ki, bəzi məsuliyyətsiz sürücülər bu xəbərdarlığa məhəl qoymadan mərkəz istiqamətində eləcə də, Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi törədiblər.

Bir daha bildiririk tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis gücləndirilmiş qaydada fəaliyyət göstərir. Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticəsində qəzalar baş verir, tıxaclar yaranır. Sürücülərə müraciət edərək bildiririk ki, paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə edərək gəlməsinlər. Həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər."

A. Əsgərli həmçinin sürücüləri polisin işini çətinləşdirən addımlardan çəkinməyə çağırıb: 

"Zəfər günü böyük bayramdır. Bu bayramı gözəl şəkildə qeyd etmək üçün hər birimiz özümüzdə məsuliyyət hiss etməliyik. Polisin və tədbir təşkilatçılatının işini daha da çətinləşdirən addımlardan çəkinmək lazımdır. Avtomobil ilə mərkəz istiqamətində hərəkət etmək sizin vaxtınızı almaqla yanaşı həm də müxtəlif xoşagəlməz hadisələrə səbəb ola bilər. Düşünək ki, qanunsuz yerdə park etməklə digərlərinə ciddi maneə yaratmış oluruq və bu əlavə olaraqda inzibati məsuliyyət yaradır.

Kütəvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar. Polis qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq."

# 2163
avatar

Mehman Nəbiyev

Oxşar yazılar