Son vaxtlar sosial şəbəkələrdə insanlar bir-birini çox asanlıqla təhqir edir, alçaldır, hətta tanımadıqları şəxslərin həyatına qarışmaqdan çəkinmirlər. Bəzən kimsə haqqında bir söz-söhbət yayılır və insanlar bunun doğru olub-olmadığını araşdırmadan paylaşırlar. Fikir bildirərkən də çox vaxt qarşı tərəfə hörmət unudulur.
Sizcə, insanlar niyə sosial şəbəkələrdə bu qədər aqressiv davranırlar? Niyə başqasının şəxsi həyatı bu qədər maraq doğurur və insanlar eşitdikləri hər məlumatı paylaşmağa tələsirlər? Bu, cəmiyyətimizdə tərbiyə və mənəvi dəyərlərlə bağlı problemdir, yoxsa sosial şəbəkələr insanları belə davranmağa sövq edir? Sizcə, bu vəziyyəti dəyişmək üçün ilk növbədə ailə, məktəb, yoxsa insanların özləri üzərində işləməsi daha vacibdir?
Sosioloq Naib Niftəliyev Lent.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə formalaşan mədəniyyət, əslində, küçə mədəniyyətindən çox da fərqlənmir:

“Bu hal təbii ki, istifadəçi kütləsinin aşağı mədəni səviyyəyə daha yaxın olması ilə bağlıdır.
Əvvəllər əhalinin böyük bir hissəsi bu şəbəkələrdən necə faydalanmağı, onlardan necə istifadə etməyi bilmirdi. Hər kəs, təbii ki, həyatda necə davranırsa, sosial şəbəkəyə də öz düşüncəsini, mədəniyyətini və səviyyəsini gətirir. Hətta bəzi insanlar məsuliyyət anlayışından məhrumdurlar. Olur ki, normal münasibətdə olduğun insanla sosial şəbəkədə mübahisə edirsən, onu özünə düşmənə çevirirsən. Bu, artıq adi bir hala çevrilib.
Hətta insanlar şəxsi münasibətlərini də sosial şəbəkələr və texnologiyalar üzərindən tənzimləməyə çalışırlar. Canlı ünsiyyətin yerini sosial şəbəkələşmə əvəz edir və bu, təbii ki, çox da xoşagələn hal deyil.
Təhqirlərə yol verməmək, təhqirdən uzaqlaşmaq problemini həll etmək üçün cəmiyyətin sosial-mədəni, kütləvi səviyyəsi yüksəldilməlidir. İnsan özü öncə bir mədəniyyətin daşıyıcısı olmalıdır ki, onu sosial şəbəkəyə də daşıya bilsin. Olmayan mədəniyyəti sosial şəbəkəyə necə daşımaq mümkündür? Əlbəttə, mümkün deyil.
Küçə mədəniyyətində, davranışlarında olan insanın ictimai məkanda, avtobusda, müəyyən yerlərdə, eləcə də ekran qarşısında və yaxud hansısa bir tədbirdə davranışını görürsünüz, bilirsiniz, eşidirsiniz.
İnsanın tərbiyəsi, mədəniyyəti və səviyyəsi hansı həddədirsə, sosial şəbəkədə də özünü o cür ifadə edir. Sosial şəbəkələşmənin özü də ünsiyyət mədəniyyətinin xüsusi formasıdır”.
Sosioloq qeyd edib ki, cəmiyyətin 80 faizini natamamlıq əhatə edir:
“Bu faizi təhqir mənasında başa düşmək lazım deyil. Lakin təəssüf ki, insanlar şəxsiyyət kimi tam formalaşa, əxlaqi dəyərləri təəssüf ki, mənimsəyə bilmirlər. Bu, bütün dünyanın bəlasıdır.
Əgər insanların 90 faizi şəxsiyyət olsaydı və onlar doğru seçimlər etsəydilər, ictimai-siyasi, sosial fəaliyyətdə adekvat olaraq öz yerlərini tapa bilsəydilər, onda bu qədər müharibələrə, qlobal toqquşmalara, insanlara qarşı ayrı-seçkiliyə, irqi problemlərə və bu kimi həllolunmaz məsələlərə yol açılmazdı. Yəni bu problemlər olmazdı və qalmazdı.
Amma biz görürük ki, insanlar bu qədər inkişafa, texnologiyanın üstünlüyünə, geniş imkanlara rəğmən, yenə də özlərini tapmaqda çətinlik çəkirlər və problem axtarışındadırlar.
Bu problem bəzən hətta bizim yüksək səviyyəli, ən əxlaqlı, elitar saydığımız adamların davranışında da özünü göstərir. Söyüşün bir növ qəhrəmanlığa çevrildiyi hallar olur və bu, sosial şəbəkələrə də sirayət edir.
Təəssüf ki, kimlərsə bundan qazanır, faydalanır və hətta bunu gəlir mənbəyinə çevirənlər də var. Söyülməkdən həzz alanlar da var.
Bu, artıq şəxsiyyətin itirilməsi, böyük mənəvi, psixoloji və sosial deqradasiya, geriləmədir.
Buna görə də bu deqradasiyanı aradan qaldırmaq lazımdır. Öncə cəmiyyətə normal, layiqli vətəndaş tərbiyə olunmalıdır. Bunun üçün də əsas hədəflər maddi rifahın, inkişafın, insanın insan kimi çalışmasının təminatıdır.
Bunlar olmayanda insan şəxsiyyəti deqradasiyaya uğrayır. Öncə bu məsələlərdən başlamaq lazımdır”.
Sosial şəbəkədə alçaldıcı paylaşım insanın özünə inamına və gündəlik həyatına necə təsir edir? Yaxınları ona necə dəstək olmalıdır? Bir iddia ilə üzləşən və öz mövqeyini ictimaiyyətə çatdırmaqda çətinlik çəkən insan psixoloji cəhətdən necə toparlana bilər?
Psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elnur Rüstəmov Lent.az-a açıqlamasında bildirib ki, belə bir paylaşımın ağırlığı həm deyilən sözdən, həm də onun kimin qarşısında deyilməsindən gəlir:

“İnsan bir anda düşünməyə başlayır ki, bunu ailəsi, dostları, iş yoldaşları da görüb. Üstəlik, paylaşım təkrar yayıldıqca hadisənin nə vaxt səngiyəcəyini bilmir. Bu qeyri-müəyyənlik insanı daim yeni şərhləri yoxlamağa, görüşlərdən yayınmağa, hətta adi söhbətlərdə qarşısındakının onun haqqında nə düşündüyünü təxmin etməyə sövq edir. Bəzən insan əvvəlcə başqalarının ona münasibətindən narahat olur, bir müddət sonra isə özü haqqında da həmin şərhlərin dili ilə düşünməyə başlayır. Bu, özünə inamı sarsıdır. Gərginlik yuxuya, diqqətə və iş qabiliyyətinə də təsir göstərə bilir. Təsirin dərəcəsi hücumun nə qədər davam etməsindən, kimlərə çatmasından və insanın həmin vaxt yanında kimlərin olmasından asılıdır.
İlk addım sakitcə dinləmək və yaşadığı sıxıntını ciddiyə almaqdır. “Boş ver, keçib gedəcək” sözünü yaxşı niyyətlə deyirik, amma insan bu cümləni eşidəndə mövzunu bir daha açmağa çəkinə bilər. “Görürəm, bu məsələ səni çox yorub. İndi sənə necə kömək edə bilərəm?” demək ona öz ehtiyacını ifadə etmək üçün yer açır. Dəstək bəzən çox konkret olur.
Məsələn, insanın razılığı ilə təhqiramiz paylaşımların ekran görüntülərini saxlamaq və platformaya şikayət etməkdə ona kömək etmək olar. Yaxınları hər yeni şərhi ona göndərmədən də yanında ola bilərlər. Hadisə ilk günlərdə çox danışılır, sonra ətrafdakıların diqqəti başqa mövzulara yönəlir. Bir neçə gün sonra yenidən zəng edib halını soruşmaq həmin insan üçün xüsusilə dəyərlidir.
İnsan öz mövqeyini izah etmək istəyir. Xüsusən də haqqında deyilənlər ailə münasibətlərinə və ya işinə toxunursa, bu, başadüşüləndir. Gərginliyin ən yüksək olduğu anda bir qədər fasilə vermək, etibar etdiyi biri ilə danışmaq və hansı addımın konkret nəticə verəcəyini düşünmək faydalıdır. Məsələn, iş yerində sual yaranıbsa, aidiyyəti şəxslə birbaşa danışmaq həmin məsələni aydınlaşdıra bilər. Hər yeni şərhə cavab vermək isə insanın diqqətini gün boyu hadisəyə bağlayır. Toparlanma gündəlik həyat üzərində nəzarəti tədricən geri qaytarmaqla başlayır. Şərhləri izləməyə sərhəd qoymaq, yaxınlarla əlaqəni qorumaq və işə, istirahətə, gündəlik məşğuliyyətlərə addım-addım qayıtmaq bu prosesə kömək edir. Yuxu, diqqət və gündəlik fəaliyyətlə bağlı çətinliklər davam edirsə, psixoloqla danışmaq faydalıdır. İnsanın öz dəyəri haqqında qənaəti bir paylaşımın ətrafında yaranan reaksiyalardan daha geniş təcrübəyə, illərlə qurduğu münasibətlərə və öz davranışlarına söykənir”.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda dərc olunub.
