Mövlam Şixəliyevin əmlaklarını alanlar istintaqa çağırılır
12 may 2025 16:50 (UTC +04:00)

Mövlam Şixəliyevin əmlaklarını alanlar istintaqa çağırılır

Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor rütbəsi alınmış Mövlam Şixəliyevin əmlaklarını hərracdan əldə edən, belə hərraclara qatılan hər kəs istintaqa çağırılır. Sorğu-sualın əsas mövzusu iştirakçıların hərraca qatılma səbəbi, hərraca çıxarılan əmlakları əldə etmək üçün kifayət qədər vəsaitin olub-olmaması və s. sualları əhatə edib.

Lent.az Musavat.com-a istinadən xəbər verir ki, istintaqa çağırılan hərrac iştirakçılarından Mövlam Şixəliyevin hansı əmlaklarını və hansı qiymətə almaq niyyətində olmaları, hərrac keçirilərkən qanunsuzluqların olub-olmaması sorğu-sual olunub.

Bildirilib ki, hərrac sistemi tam elektronlaşandan sonra Mövlam Şixəliyevin də əmlaklarının satışı elektron hərraca çıxarılıb. İstintaqa çağırılanlara deyilib ki, Mövlam Şixəliyevin əmlaklarından biri elektron hərraca çıxarılandan sonra hansısa qanunsuzluq ehtimalı yaranıb, istintaq da bu məsələni araşdırır. Buna görə də Mövlam Şixəliyevin əmlaklarının satışında texniki fasilə yaranıb.

"Gözümüzün qabağında Mövlam Şixəliyevin müsadirə edilmiş əmlaklarının "su qiymətinə" və şəxsi maraqlarına uyğun satışına cəhd edilir.

Halbuki həmin əmlaklar bizim qanunsuz həbsimiz, girovluqda saxlandığımız bir vaxtda, ailələrimizdən şantaj, hədə-qorxu, quldurluq yolu ilə alınan pullar hesabına əldə olunub", - bu sözləri "MTN işi" zərərçəkənlərdən olan Əfsəl Həsənəliyev deyib.

O bildirib ki, elektron hərracların keçirilməsində hərc-mərclik hökm sürür:

"Elektron hərrac çevrilib olub kimlərinsə maraqlarını təmin edən bir vasitə. Hansı əmlakdan xoşları gəldi, satışını min bir bəhanə ilə əngəlləyirlər. Mövlam Şixəliyevin müsadirəyə götürülən əmlaklarının hərracdan satılmasına imkan verilmir.

Mövlam Şixəliyev və digərlərinin cinayət işləri üzrə 2023-cü ilin mart ayında Nərimanov Rayon İcra Şöbəsinə icra sənədi verilib. İcra sənədinə əsasən, Mövlam Şixəliyevin əmlaklarına zərərçəkmişlərə dəymiş ziyanın qarşılanması üçün tələb yönəldilib. Əmlakların satılması 2024-cü ildə "Külək" MMC-yə həvalə olunmuşdu. Nərimanov Rayon İcra Şöbəsinin 1275-110551/23-15-12 saylı, 08.02.2024-cü il tarixli sifariş məktubuna əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən daşınmaz əmlakın hərracdan satılması da "Külək" MMC-yə həvalə olunan əmlaklar sırasında idi. Qeyd olunan ünvandakı əmlak (Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a) bir neçə dəfə hərraca çıxarılsa da, "Külək" MMC rəhbəri Nurlan Həsənli öz maraqları səviyyəsində əmlakın hərracdan satılmasını əngəllədi. Hətta bir dəfə baş tutmuş hərracdan qalib ayrılmış şəxsə hərrac protokolunu vermədi. Bu isə böyük bir qanunsuzluq, vəzifə səlahiyyətlərini aşmaqdır.

Bu il martın 30-da yeni elektron hərrac keçirildi və yenə Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanındakı əmlak hərraca çıxarıldı. Hərrac aprelin 6-da bitməli və əmlak satılmalı, əldə olunan vəsait biz zərərçəkənlərin hesabına köçürülməli idi. Lakin yenə də hərracın pozulmasına yönəlmiş addımlar atıldı. Bizə verilən məlumata görə, bu dəfə hərracın pozulması "Qafqaz Construction" şirkətinin rəhbərlərinin təşəbbüsü ilə sədr müavini Murad Həsən oğlu Rzayevin birbaşa iştirakı və Prezidentin Təhlükəsizlik Xidmətinin Famil adlı vəzifəli şəxsinin maraqları çərçivəsində baş verib.

Sizdən xahiş edərəm ki, elektron hərracın işini qanunsuz dayandıran şəxslərin kimlikləri araşdırılsın, elektron hərracın işinə qanunsuz müdaxilə edən "Qafqaz Construaction" şirkətinin rəhbərlərinin, Murad Rzayevin, Famil adlı Prezidentin Təhlükəsizlik Xidmətinin vəzifəlisinin qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verilsin. Biz zərərçəkənlərin elektron hərracın qanunsuz dayandırılması ilə bağlı məhkəməyə təqdim etdiyimiz müraciətə baxılması da nəzarətə götürülsün".

Zərərçəkən deyib ki, qeyd olunan əmlakın real bazar qiymətindən qat-qat aşağı satmaq üçün elektron hərracın işində "texniki fasilə" adlı bəhanə ortaya atılıb:

"Biz zərərçəkənlər ədliyyə naziri Fərid Əhmədova müraciət edərək elektron hərracların keçirilməsindəki hərc-mərcliyə son qoyulmasını xahiş edirik. "Qafqaz Construction" şirkətinin rəhbərləri, qabağa verilən Murad Rzayev hərraca çıxarılan əmlakı "su qiymətinə" almaq istəyir deyə, elektron hərrac pozulmalıdır?"

Mövlam Şixəliyev 2021-ci ildə Baş Prokurorluq tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələbetmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Mövlam Şixəliyevin aşağıdakı əmlakları müsadirə olunub:

Mövlam Şixəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş:

- Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (482 min manat);

- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak (770 min 609 manat);

- Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi (35 min 500 manat);

- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak (974 min 600 manat);

- Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak (214 min manat);

- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak (31 min 500 manat);

- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı (39 min 528 manat).

Mövlam Şixəliyevin həyat yoldaşı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş:

- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak (26 min 240 manat);

- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m əmlak (17 min manat);

- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın (37 min 600 manat);

- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak (400 min manat);

- Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak (1 milyon 452 min manat);

- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak (535 min 653 manat);

- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak (738 min 711 manat);

Mövlam Şixəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş:

- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak (650 min 719 manat);

- Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak (257 min 172 manat);

- Binəqədi rayonu, Novxanı kəndi, 685 ünvanında yerləşən 1 087.7 kv.m sahəsi olan daşınmaz əmlak (1 milyon 305 min 240 manat).

Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyevin adına rəsmiləşdirilmiş:

- Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak (360 min manat);

- Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak (714 min 985 manat).

Əmlakların ümumi dəyəri 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.

Daha sonra Mövlam Şixəliyevin ailə üzvlərinə məxsus bir neçə əmlakın üzərindən həbs götürülüb. Üzərindən həbs götürülən əmlakların ümumi dəyəri 2 milyon manata yaxın qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar