Nazir müavinini aldatdı, "Hafka"ya görə möhlət istədi, HƏBSDƏ ÖLDÜ
24 aprel 2024 13:04 (UTC +04:00)

Nazir müavinini aldatdı, "Hafka"ya görə möhlət istədi, HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Samir Yusif oğlu Əliyev dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir.

Lent.az dələduzluqda və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham edilərək həbs edilən Samir Yusif oğlu Əliyev barəsində maraqlı faktlar əldə edib.

Samir Əliyevin “vəzifə dələduzluğu”

Belə ki, Samir Əliyev özünü yüksək vəzifədə çalışan şəxs kimi təqdim edərək xeyli sayda tanınmış məmuru aldadıb. O, zəng etdiyi məmurlardan müxtəlif xahişlər və tələblər edibmiş. 

Samir Əliyevin qurbanları...

Samir Əliyev hətta yüksək vəzifəli məmurdan “Hafka” adı ilə tanınan iş adamı Hafiz Məmmədovun cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü ona möhlət verilməsini istəyib.

Həmçinin S.Əliyev 5 may 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevə zəng edərək universitetin məktəbəqədər təhsil şöbəsinin dördüncü kurs tələbəsi S.M-ə müəllim kimi əlavə dərs saatının verilməsini tələb edib.

6 may 2022-ci il tarixdə isə S.Əliyev “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənova zəng edərək tanışı A.M-in ASC-də məsul vəzifəyə təyin edilməsini xahiş edib.

Bundan başqa, Samir Əliyev 1 aprel 2022-ci il tarixdə “Teleradio” İstehsalat Birliyinin baş direktoruna zəng edərək həmin qurumda aparıcı mütəxəssis vəzifəsində işləmiş 1 nəfərin əvvəlki vəzifəsinə qaytarılmasını tələb edib.

O eyni zamanda 6 may 2022-ci il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininə zəng edərək nazirlik tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini istəyib. 

Samir Əliyevin əməllərindən zərərçəkənlərin sayı çox olub.

Məhkəmədə Samir Əliyev törətdiyi əməlləri etiraf edib.

O, əməllərini “kobud telefon xuliqanlığı” adlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əliyevə 4 il həbs cəzası verilib.

# 3906
avatar

Oxşar yazılar