Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Sonavər Məhərrəmova gəlini Sevinc Məhərrəmova ilə uzaq qohum olduqlarını, oğlu ilə 2009-cu ildə evləndiklərini dedi:
"Gəldiyi gündən bildiyini edirdi, yola verirdim. Oğlumun Elnur adlı dostu bizim evə ayaq açdığı gündən oğlumla gəlinin söz-söhbəti bitmirdi. Biz görmüşük ki, evin kişisi evdə olmayanda, kənar kişi xeylağı qapıdan qayıdıb gedər. Amma oğlum evdə olmayanda gəlin bu Elnuru evə çağırırdı. Nəvəm Əziz deyirdi ki, "Nənə, bu saqqalı kişi məni həyətdə görəndə "Mamaya salam de" deyirdi. Bunu oğluma demirdim ki, dava düşməsin. Oğluma qadın kimi də qulluq etmirdi, saymırdı. Oğlumun gəlinimi öldürmə səbəbi qısqanclıq və şübhə idi".
Daha sonra S. Məhərrəmova dövlət ittihamçısının suallarını cavablandırıb.
Təqsirləndirilən Natiq Məhərrəmov "Əgər bir insan öz əzizini öldürəcək səviyyəyə gəlirsə, bunu hansı səbəbdən etdiyi niyə soruşulmur?" - deyə zala müraciət edib.
Şahid M.N hadisə baş verən gün parkda olduğunu bildirdi:
"Qəfildən "Kömək edin!" deyə çığırtı eşitdim. Gördüm ki, bir qadın və kişi əlbəyaxadır. Mən ora çatanda qadın yerdə, qan içində idi və can verirdi. Polislər, daha sonra "təcili yardım" gəldi".
Şahidlərin ifadələrindən sonra növbəti proses 26 noyabra təyin edildi.
Xatırladaq ki, 2025-ci ilin aprelin 7-si, saat 19 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı rayon prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.
Fərqanə Novruzova