"Oleq Bakinski"nin məhkəməsində yeni iddia  qaldırıldı
16 may 2025 18:35 (UTC +04:00)

"Oleq Bakinski"nin məhkəməsində yeni iddia qaldırıldı

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin vəkili Samir İsayev Valeriy Zaxarenkovun göndərdiyi sənədə əsasən barışıq olmadığını söyləyib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkəndən bu əmələ görə üzr istəməyib, peşman olmayıblar.

Vəkil maddi ziyandan əlavə, dəymiş mənəvi ziyanla əlaqədar hər iki təqsirləndirilən şəxsdən birliktə 50 min manat tələb edildiyini də əlavə edib. O, söyləyib ki, V.Zaxarenkov iş adamı kimi qonaq gəldiyi müəssisədə hörmətsizliyə məruz qalıb.

Daha sonra Konstantin Kuçerin vəkili ibtidai istintaqda göstərilmiş vaxtlarda müəyyən pozuntular olduğunu deyib.

Dövlət ittihamçısı bunun hazırlıq iclasının predmeti olduğunu və məhkəmədə danışılanların əsas sübut kimi qəbul olunacağını bildirib.

Prosesin davamında mülki iddia müzakirə edilib. Zərərçəkənin vəkili mülki iddanın hər ikis hissəsinin - maddi və mənəvi tərəflərinin qəbul edilməsini xahiş edib.

K.Kuçerin vəkili Elşad Hacıyev təqsirləndirilənin mənimsəmə və ya dələduzluq niyyətinin olmadığını bildirib, əlavə edib ki, K.Kuçerin şirkəti müqavilədən irəli gələn öhdəlikləri yerinə gətirməyə çalışıb.

O, buna əsas maneə kimi Konstantin Kuçerin iradəsindən asılı olmayan səbəbləri-"Günay Bank"ın və sərhədlərin bağlanmasını göstərib.

Oleq Krapivin də mülki iddaya etiraz edib: "Bu adamlar məni şərləyiblər. Olmayan "xuliqanlığa" görə 50 min nədir, 5 manat da ödəmərəm".

Konstantin Kuçer öz növbəsində mülki iddianı qəbul etməyib.

Məhkəmə mayın 26-dək təxirə salınıb.

Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar