Daşkəsəndə polisə yalan məlumat verən həbs olunub.
Lent.az-ın məlumatına görə, rayonun Xoşbulaq kənd sakini olan 28 yaşlı Sahib Əmiraslanov (ad və soyad şərtidir) evdə araq içəndən sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurub. Danışıq zamanı o, polis əməkdaşlarına adam öldürülməsi barədə məlumat verib və onlara hadisə yerinə getməyi bildirib.
Məlumat əsasında əməkdaşlar qeyd edilən hadisə yerinə gediblər. Lakin heç bir qətl hadisəsi olmadığını müəyyən ediblər. Buna görə də polislər qaynar xəttə yalan məlumat verən Sahib Əmiraslanovun yaşadığı ünvana gediblər. Burada kənd sakini polislərə müqavimət göstərməyə cəhd edərək, qanuni tələbə tabe olmayıb.
Nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunub.
Təqsirləndirilən şəxs hadisəni ağır dərəcəli sərxoş halda törətdiyini deyib. Onun sözlərinə görə, zəng zamanı nə dediyini xatırlamır.
Daşkəsən rayon Məhkəməsinin qərarı ilə Sahib Əmiraslanov barəsində 10 gün müddətinə inzibati həbs cəzası təyin edilib.
 
                 
                             
    