Saxta arayış verən bələdiyyə sədrinin məhkəməsi başlayır
28 yanvar 2021 10:13 (UTC +04:00)

Saxta arayış verən bələdiyyə sədrinin məhkəməsi başlayır

Azərbaycanda karantin dövründə saxta arayışlar verən bələdiyyə sədri və şöbə rəisinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar. İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə Bələdiyyəsindən əldə etdiklərini bildiriblər.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.

# 1095
avatar

Mehman Nəbiyev

Oxşar yazılar