Şəmkirdə 13 yaşlı qızla nişanlanan 32 yaşlı diş həkimi cərimələnib.
Lent.az-ın məlumatına görə, nişan mərasimi rayonun Yeni Həyat kəndindəki “Qala” restoranında baş tutub.
Məlumata əsasən, barəsində inzibati xəta üzrə icraat aparılan rayonun Yeni Həyat kənd sakini Abdulla Ömərov (ad və soyad şərtidir) əvvəl Gəncədə sonra isə Şəmkirin Seyfəli kəndində diş həkimi işləyib. Əliyaqublu kənd sakini olan qadın digər qızının dişlərini müalicə etdirmək üçün onun yanına gəlirmiş. Hər dəfə o, 13 yaşlı qızı Fəxriyyəni (şərti adla) də gətirirmiş. Diş həkimi olan Abdulla Fəxriyyəni görüb bəyənib və günlərin bir günü onun anasının telefonuna mesaj yazıb. Telefona Fəxriyyə özü baxıb. Abdulla 13 yaşlı qıza ondan xoşu gəldiyini deyib. Qız əvvəl təəccüblənsə də, sonradan özünün də onu sevdiyini deyib. Beləcə bir neçə ay Fəxriyyə ilə telefonda yazışıblar. Abdulla tez-tez elçi gələcəklərini bildirib. Elçi gələndə əvvəlcə qızın anası razı olmayıb.
Fəxriyyə məhkəmədə bildirib ki, elçiliyə razı olmadığı üçün qolunu kəsib və anasını özünü öldürəcəyi ilə hədələyib. Nəticədə əlacsız qalan ana qızın elçilərinə “hə” cavabı verib.
Sonra tərəflər Yeni Həyat kəndindəki “Qala” restoranında nişan mərasimi keçirmək barədə razılığa gəliblər. Məclis saat 16:00-20:00 arası keçirilib və 20 nəfər iştirak edib.
Hadisədən xəbər tutan polis əməkdaşları azyaşlı qızın anası və diş həkimi Abdullanı Şəmkir rayon Polis Şöbəsinə aparıblar. Burada Abdulla Ömərov barəsində inzibati protokol tərtib olunub.
Şəmkir rayon Məhkəməsinin qərarı ilə Abdulla Ömərov barəsində 1000 manat inzibati cərimə cəzası təyin edilib.