1 saylı cəzaçəkmə və Müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.4; 181.2.5; 177.2.1; 177.2.2; 177.2.3; 326.2; 66.3 və 67-ci maddələrinə əsasən təqsirli bilinərək 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəlilov Şafaddin Fidayət oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Bakı şəhər sakini Xəlilov Tahir Şafəddin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan kartofun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 7,2 qram olan narkotik maddə - heroin aşkar edilib.
Həmçinin sən təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Müalicə müəssisəsində cəza çəkən məhkum Şərifov Etiram Bəxtiyar oğluna tanışı Abşeron rayon sakini Rəsulzadə Bayram Fatik oğlu tərəfindən göndərilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan hamam dəsmalının tikiş yerlərində xüsusi üsulla gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,007 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,448 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.