"UĞUR 777"də  əməliyyat olunan qadın Hepatit C-yə  YOLUXUB - Özü DANIŞDI
11 sentyabr 2026 12:07 (UTC +04:00)

"UĞUR 777"də əməliyyat olunan qadın Hepatit C-yə YOLUXUB - Özü DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində "UĞUR 777" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.

Zərərçəkən F.C. təqsirləndirilən şəxslə internet vasitəsilə 2023-cü ilin sentyabrından tanış olduğunu deyib:

"Gözüstü əməliyyat üçün Xəyalə xanımın yanına getmişdim. Mənə dedi ki, hazırda başqa xəstəsi var, gözləməliyəm. Gel vurdu, sonra məsləhət gördü ki, bədənimin digər hissələrinə də ehtiyac var, ora da gel vursun. Mən qorxub razılaşmadım. Əməliyyatla bağlı dərman lazım idi, məlum oldu ki, dərman yoxdur. Murad getdi dərmanın ardınca. O da özünü həkim kimi təqdim etmişdi. İri şprisə çəkilmiş geli gecə saat 1-də mənə vurdular.

Əməliyyatda Xəyalə xanımla birlikdə Rəsmiyyə də iştirak edirdi. Xəyalə xanım geli vura bilmədi, Murad gəlib iynəni vurdu. Gecə saat 2-də taksi çağırıb evə getdim. Əməliyyata 750 manat və sepli klonumu verdim. Ümumilikdə isə 2400 manata danışmışdıq. Həmin gündən, oradan qayıdandan sonra qızdırmam başladı, vəziyyətim gündən-günə pisləşməyə başladı.

Xəyaləyə zəng edib halımı ona dedim. Mənə bunların əməliyyat sonrası normal olduğunu bildirdi. Amma yaxşılığa doğru heç nə baş vermirdi. İki həftə sonra Xəyalə xanımın yanına getdim. Cəmi bir reseptin pulunu mənə verdi. Başqa həkimə də getmişdim, bədənimdə artıq çirklənmə başlamışdı. Kəpəz xəstəxanasına gedib analiz verəndə bildim ki, Hepatit C-ə yoluxmuşam. Biləndə ki, "UĞUR 777" estetik mərkəzində əməliyyat olunmuşam, mənə dedilər ki, ora nə vaxtdan xəstəxana olub, niyə getmisən ora? Təkrar getdim Xəyalə xanımın yanına ki, məni necə bu günə salmısansa, eləcə də sağalt. Yoxsa şikayət edəcəm. Mənə qayıtdı ki, get, nə bilirsən elə.  Mən də ondan sonra gedib prokurorluğa şikayət etdim".

Növbəti proses 29 sentyabr saat 09:45-ə təyin olunub.

Qeyd edək ki, 2025-ci ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.

Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar