Gürcustan, Rusiya və Ukraynada yaşayan azərbaycanlılar Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən təxribatları pisləyib.
Lent.az-ın məlumatına görə, “Borçalı” İctimai Birliyi işğalçı Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonu ərazisində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar bəyanat yayıb:
“Borçalı” İB işğalçı Ermənistan ordusunun 2017-ci il iyulun 4-də cəbhə xəttində yaratdıqları təxribatı zamanı mülki əhalinin həlak olmasını qətiyyətlə pisləyir, bunu Ermənistanın Azərbaycan ərazilərinin işğalının davam etdirmək, sülh siyasətinə, eləcə də, Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına salmaq cəhdi kimi qəbul edir və bu addıma qəti etirazını bildirir.
İyulun 4-də ermənilərin cəbhə xəttində törətdiyi təxribatın bir daha gürcü ictimaiyyətinə çatdırıldığı bəyanatda bildirilir ki, cəbhədə baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi və işğalçı siyasi rəhbərliyinin üzərinə düşür.
Daha sonra bəyanatda qeyd olunur ki, XXI əsr 2017-ci ilin bəşər tarixinin qloballaşan bir dövründə iki yaşlı uşağın və mülki şəxslərin öldürüldüyünü gördüyümüzdə ikinci dəfə Xocalı soyqırımını yaşamış olduq: “ATƏT-in Minsk qrupunun həmsədrləri, bu quruma üzv olan ölkələr, eləcə də, vasitəçilik missiyasını daşıyanlar bu məsələyə kəskin münasibət bildirməlidirlər. AŞPA və beynəlxalq qurumlarda insan hüquq və azadlıqları, uşaq hüquqlarının, eləcə də demokratiya və söz azadlığının müdafiəsinə qalxanlar, erməni qəsbkarlarının törətdiyi vəhşiliyə, iki yaşılı uşağın və mülki şəxslərin qətlə yetirilməsinə yenə də laqeyd yanaşırlar. Bu cür ikili siyasətin nəticəsidir ki, ermənilərin Qarabağ müharibəsində dinc insanlara, xüsusilə uşaqlara qarşı törətdiyi vəhşiliklər atəşkəs dövründə də davam edir. Cəbhəyanı ərazilərdə yaşayan insanların, xüsusilə körpə uşaqların həyatı üçün ciddi təhlükə yaranır, bəzi hallarda isə onlar həlak olurlar”.
Gürcüstanda yaşayan azərbaycanlı gənclər işğalçı Ermənistanı atəşkəs rejimini pozmamağa və işğal etdikləri Azərbaycan torpaqlarını qeyri şərtsiz azad etməyi tələb edir və beynəlxalq ictimaiyyətə də bizim tələbimizi dəstəkləməyə dəvət edirlər: “Biz Gürcüstanda yaşayan azərbaycanlı gənclər hər zaman dünyada və regiondakı işğalçılığı qınayır Azərbaycanın işğal edilmiş 20 faiz torpaqlarının sülh yolu ilə azad olunacağı günü gözləyirik”.
Ümumrusiya Azərbaycan Konqresi, “AzerRos” azərbaycanlıların milli-mədəni muxtariyyəti və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi 4 iyul 2017-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.
Bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.
Ermənistan Silahlı Qüvvələrinin təxribatını pisləyən bəyanatda deyilir: ”Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Bəyanat müəllifləri dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırır: ”Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır” - deyə bəyanatda bildirilir.
Ümumrusiya Azərbaycan Konqresi, “AzerRos” azərbaycanlıların milli-mədəni muxtariyyəti və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Alxanlı hadisələri ilə əlaqədar Rusiya, Ukrayna, Moldova və Ukraynanın kütləvi informasiya vasitələrində Alxanlı hadisəsi ilə bağlı çıxışlar etməyi də planlaşdırır.