Bunu Lent.az-a açıqlamasında “Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu söyləyib.
Bununla belə, Rauf Arifoğlu deyib ki, “musavat.com” saytı yalnız mobil telefonlarda və “Vay-fay” sistemində açılır. Onun sözlərinə görə, Bakıda da bir sıra provayderlərdən istifadə edən oxucular “musavat.com” saytını aça bilmirlər: “Problemin bir neçə saat ərzində tam aradan qaldırılması gözlənilir”.
Rauf Arifoğlu bildirib ki, çox ciddi haker hücumu olub və məqsəd saytı tamamilə sıradan çıxarmaq olub: “Biz dövlət orqanlarına da müraciət etmişik ki, bu məsələ ilə yaxından maraqlansınlar. Eyni zamanda siyasi partiyalara, cəmiyyətə də müraciət edirik. Bu, olduqca ciddi məsələdir. Bir neçə internet resursunun, xüsusilə də “Yeni Müsavat qəzetinin internet versiyasının sıradan çıxarılmasına hesablanan sistemli, ardıcıl, davamlı, 4 gün davam edən hücumdur. Bu, kibercinayətkarlıq, kiberterrorizmdir. Bu hadisə vaxtilə dövlət orqanlarına bağlı olan saytlara, digər KİV-lərə qarşı da tətbiq olunub. Ona görə də istəyərdik ki, dövlətin müvafiq qurumları, KİV və cəmiyyət bu məsələyə reaksiya versin. Tutaq ki, bu gün qismən həll olundu. Amma bu o demək deyil ki, problem daha olmayacaq. Təhlükə mənbəyi aradan qalxmayıb. Ona görə də dövlətin müvafiq qurumları məşğul olmalıdırlar ki, bu kiberhücumu kimlər və hansı məqsədlə həyata keçirirlər”.
Yeni Müsavat qəzetinin baş redaktoru qeyd edib ki, bir araya gəlib məsələni müzakirə etmək lazımdır: “Xüsusilə də media qurumlarına, həmkarlarına üzümü tutub deyirəm ki, biz bu məsələdə dəstək gözləyirik. Çox təəssüf ki, kifayət qədər ciddi reaksiya olmadı. Amma biz dəstək gözləyirik, bu dəstəyi davam etdirmək zərurəti var”.
Dünəndən bəri eyni problemlə üzləşən qafqaznfo.az saytı isə hələ də fəaliyyətini bərpa etməyib....