Yevlax şəhər sakininin evindən qızıl-zinyət əşyaları və pul oğurlanıb.
APA-nın məlumatına görə, oğurluq hadisəsi Yevlax şəhərinin Mehdi Hüseynzadə küçəsindəki 25 saylı mənzildə qeydə alınıb. Ev sahibi Firdovsə Qələndərova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, o xadimə işlədiyi 2 saylı tam orta məktəbdən evə gələrkən mənzilin pəncərələrinin və otaqların birində sandığın açıq olduğunu, əşyaların dağıldığını görüb.
O, naməlum şəxslər tərəfindən evdən 460 manat pulun və xeyli qızıl-zinyət əşyalarının oğurlandığını bildirib. Faktla bağlı Yevlax şəhər Polis Şöbəsində cinayət işi açılıb, oğurluğu törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.