FİFA Azərbaycana qarşı sanksiya tətbiq edə bilər
20 may 2009 12:20 (UTC +04:00)

FİFA Azərbaycana qarşı sanksiya tətbiq edə bilər

“Hələ bütün futbolçularımız viza almayıb. Əgər bu məsələ yaxın vaxtda həll olmasa, Azərbaycanla oyuna tam heyətlə gələ bilməyəcəyik”.

Bu sözləri Apasport.az saytına eksklüziv açıqlamasında Uels Futbol Assosiasiyasının mətbuat katibi Kerri Stennet deyib.

İyunun 6-da dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşmalı olan Uels milli komandası Bakıya gəlmək üçün viza ala bilmir. Stennetin sözlərinə görə, yaranmış problemdə AFFA-nın günahı yoxdur: “Əksinə, onlar bizə dəstək verirlər. Problem yalnız Azərbaycan səfirliyindən vizaların alınmaması ilə bağlıdır”.

Yeni qaydalara əsasən, vizanın alınması üçün dəvətnamə lazımdır. Bununla yanaşı, viza almaq üçün pasportların verilməsi ilə əlaqədar məhdudiyyət var. Bütün komandanın oyunçuları vizanı vaxtında almağa çatdırmır. “Məsələ burasındadır ki, futbolçular Londonda deyillər, müxtəlif klublarda oynayırlar. Mövcud qaydaya görə isə biz bir müraciət zamanı 10 pasportdan çox təqdim edə bilmirik. Bu səbəbdən bütün pasportları gətirməyi çatdırmırıq. Bu, həm də külli miqdarda vəsait və vaxt deməkdir”, - deyə Stennet vurğulayıb.

O, həmçinin bildirib ki, oyun buna görə baş tutmasa, FİFA-nın Azərbaycana qarşı sanksiya tətbiq etməsi mümkündür: “Mən artıq 3 dəfə Azərbaycanda olmuşam və bütün səfərlər xoşuma gəlib. Ümid edirəm ki, bu dəfə də belə olacaq, hər halda, Bakıya tam heyətlə gələ biləcəyik”.

Hazırda 7-8 nəfərin viza aldığını deyən mətbuat katibi hələ 20 nəfərə analoji sənədin lazım olduğunu söyləyib. Belə ki, komandaya futbolçularla yanaşı, texniki heyət də daxildir: “İndi komanda üzvlərinə viza almağa çalışırıq. Bundan əlavə, jurnalistlər və azarkeşlər də var. Onlar da bu məsələdə problemlə üzləşiblər. Azarkeşlər komandanı dəstəkləmək üçün böyük pullar xərcləyirlər, ancaq viza ala bilmirlər”.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən isə Apasport.az saytına bildirilib ki, Uels komandasının viza alması ilə bağlı heç bir problem yaranmayıb. İndi bu yöndə iş gedir, görüşün bütün iştirakçıları vizaları vaxtında alıb, oyuna çata biləcəklər.

AFFA-nın baş katibi Elxan Məmmədov da Apasport.az saytına açıqlamasında məsələnin bu həftənin sonunadək həll olunacağını bildirib. O, müvafiq qurumların uelslilərə yardım göstərəcəyini deyib: “Hər səfirliyin öz iş prinsipi var. Ölkəyə gəlmək istəyən xarici vətəndaşlar da buna əməl etməlidirlər. Uels yığmasının indiyədək viza ala bilməməsi sırf prosedur qaydalarla bağlıdır. Bu ölkənin futbol qurumunun rəhbərliyi məsələ ilə bağlı bizə iki gün öncə müraciət edib. Biz də öz növbəmizdə Xarici İşlər Nazirliyinə, eləcə də Azərbaycanın Londondakı səfirliyinə müraciət ünvanlayaraq, işin sürətləndirilməsini xahiş etmişik. Onlar da bizim müraciətə hörmətlə yanaşdılar, bu həftənin axırına qədər vizaların hazırlanacağını bildirdilər”.

E. Məmmədov vaxtilə Azərbaycan milli komandasının da eyni problemlərlə rastlaşdığını nəzərə çatdırıb: “Bizim yığmanın üzvləri də belə çətinliklərlə üzləşiblər. Xarici səfərlər zamanı çox əziyyət çəkmişik. Buna baxmayaraq, biz istənilən ölkənin səfirliyinin prosedur qaydalarına hörmətlə yanaşmışıq”.

Qeyd edək ki, Azərbaycan - Uels matçı iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar