FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
29 aprel 2024 15:15 (UTC +04:00)

FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu

Aprelin 27-28-də Gəclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol növü üzrə Respublika turniri keçirilib. 15 dövlət qurumundan (12 kişi və 3 qadın komandası) 60-a yaxın əməkdaşın iştirak etdiyi yarışda komandalar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Birincilikdə ikinci dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası 4 nəfərdən ibarət olmaqla yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Hava Yolları komandasını 9:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşan FHN-in komandası 12:9 hesabı ilə qələbə əldə edərək çempion adını qazanıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar. aprelin 29-da FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempion komandanı qəbul edərək qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ildə dövlət qurumları arasında keçirilən basketbol üzrə çempionatda FHN-in kişilərdən ibarət komandası 2-ci yerə layiq görülüb.

# 1467
avatar

Oxşar yazılar