Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə yarım milyon manatdan çox vəsaiti leqallaşdırmaqda ittiham edilən sahibkar Rizvan Camalovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah olunub.
Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verildiyini və noyabrın 24-ü saat 15:30-a təyin olunduğunu elan edib.
İttihama görə, təqsirləndirilən şəxs istintaqla şəxsiyyətləri müəyyən edilməyən bir qrup şəxslə avtomobil ehtiyat hissələrinin idxalı, alışı və satışı ilə məşğul olarkən dövlət büdcəsinə ödəməli olduğu vergiləri ödəməkdən yayınıb. O, özünün ifşa olunmamasını təmin etmək məqsədi ilə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyatdan keçib. O, həmin sahibkarlıq subyekti üzərindən maliyyə əməliyyatları həyata keçirmək üçün 2021-ci ildən fəaliyyətə başlayıb.
Hazırda həbsdə olan təqsirləndirilən şəxs xarici ölkə ərazisindən ölkəyə müxtəlif təyinatlı malları gətirərəkən öz gəlirlərini az göstərib, bununla da 625 min manatdan çox vəsaiti leqallaşdırıb.
Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213.3-cü (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə halında törədildikdə, xüsusilə külli miqdarda törədildikdə) maddələi ilə ittiham elan edilib.
Zərərçəkmiş şəxs qismində Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Hüquq İdarəsi tanınıb.