"Devin Media"nın rəhbəri polisdə ifadə verib - Atilla Uysal Lent.az-a danışdı
11 noyabr 2026 17:30 (UTC +04:00)

"Devin Media"nın rəhbəri polisdə ifadə verib - Atilla Uysal Lent.az-a danışdı

0

Xəbər verdiyimiz kimi “Devin Media” MMC barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb. Bununla yanaşı MMC-nin ofisindən çıxarıldığı da bildirilir.

"Devin Media"nın rəhbəri Atilla Uysal Lent.az-a açıqlamasında ofisdən çıxarılmadıqlarını, ikinci mərtəbədən yeddinci mərtəbəyə köçdüklərini bildirib:

“Biz “AMAY” Ticarət Mərkəzində 7-ci mərtəbəyə köçmüşük və bununla bağlı sosial media hesablarımızda məlumat paylaşmışıq. Eyni zamanda, əvvəlki ofisimizin şüşələrinə də məlumatlandırıcı yazı vurmuşuq.

Şikayətçiləri “idarə edən şəxs” “AMAY”ın nümayəndələrinə zəng edərək əvvəlki ofisimizi icarəyə götürmək istədiyini və buna görə də ofisə baxmalı olduğunu deyib. İçəri girərək video çəkib. Görüntülərdə də gördüyünüz kimi, qapılara və müəyyən yerlərə vurduğumuz “7-ci mərtəbəyə köçmüşük” yazılı məlumatları cırıb və guya qaçdığımız görüntüsünü yaratmağa çalışıb.

Biz qaçmamışıq və qaçmırıq da. Sadəcə eyni binada 2-ci mərtəbədən 7-ci mərtəbəyə köçmüşük”.

Atilla Uysal onu da qeyd edib ki, şikayətçilərin yarısından çoxu ərizələrini geri çəkiblər:

“Devin Media” haqqında şikayət edənlərin sayı 15-16 nəfər idi. Onlardan 8-9-u şikayəti özlərinin etmədiyini və heç bir şikayətlərinin olmadığını bəyan edib. Mən də şöbəyə gedərək ifadə vermişəm.

Bizim iş prinsipimiz xəbərlərdə təsvir edilənlər kimi deyil. Heç kimdən “sizi filmə çəkəcəyik” və ya “Türkiyədəki filmlərə göndərəcəyik” vədi ilə pul almamışıq. İnsanların ödədiyi məbləğ üç və ya dörd aylıq aktyorluq kursunda təhsil almaq üçün nəzərdə tutulub. Bu xidməti də tam şəkildə yerinə yetirmişik. Bütün bunlar müqavilə əsasında bağlanmış razılaşma ilə həyata keçirilib.

Kursu başa vuran və özünü inkişaf etdirən namizədlərə çəkdiyimiz layihələrdə rol veririk. Məsələn, ötən il ATV kanalında yayımlanan “Dar küçələr” serialında xalq artistləri və əməkdar artistlərdən başqa bütün aktyorlar bizim tələbələrimiz olub.

Hazırda da təxminən dörd aydır “Yaddaş” adlı serial çəkirik. Dörd bölüm tamamlanıb, digər bölümlərin çəkilişləri isə davam edir. Bu serialda da tələbələrimiz vaxtaşırı rol alırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar