Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 22:48 (UTC +04:00)

Futbolda penalti vurulması qaydası dəyişdirilir?

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edə bilər.

Lent.az xəbər verir ki, qurum üç yeni qayda dəyişikliyi gündəmə gətirib.

Bunlardan ikisi VAR sistemi ilə bağlı olsa da, ən diqqətçəkəni penalti qaydasında nəzərdə tutulan yenilikdir.

Yeni təklifə əsasən, penalti zərbəsi dirəkdən qayıdarsa və ya qapıçı tərəfindən qaytarılarsa, oyun davam etməyəcək. Yəni nə penalti zərbəsini yerinə yetirən futbolçu, nə də onun komanda yoldaşları epizodu davam etdirə biləcəklər. Zərbə boşa çıxarsa, oyun dayandırılacaq və rəqib komandaya qapından zərbə təyin olunacaq.

Digər iki təklif isə VAR-ın səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Belə ki, hakim səhvən künc zərbəsi təyin edərsə, VAR müdaxilə edərək qərarı ləğv edə biləcək. Həmçinin, futbolçuya göstərilən ikinci sarı vərəqə də VAR vasitəsilə ləğv oluna biləcək.

Təkliflər əvvəlcə noyabr ayında keçiriləcək IFAB iclasında rəsmi şəkildə təqdim olunacaq, daha sonra isə 2026-cı ilin martında baş tutacaq ümumi yığıncaqda səsverməyə çıxarılacaq.

Qeyd edək ki, qaydalar təsdiqlənəcəyi halda, 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək və ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatında tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar