Qurban Qurbanov
28 avqust 2026 16:44 (UTC +04:00)

Qurban Qurbanov

Nə tarix bağışlayar, nə də Allah!

0

12 il... Düz 12 ildir ki, Azərbaycan futbolu Avropa arenasında "Qarabağ" ilə təmsil olunur və bu adın qarşısında Azərbaycan adı yazılır. Bəlkə də, qısa müddət kimi görünür, bəlkə də hansısa Avropa ölkəsinin futbol klubu üçün sıradan bir şeydir. Amma bir azərbaycanlı üçün bu, sıradan olmamalı, görülməməlidir. Ona görə ki, müharibədən çıxdıqdan sonra yenidən toparlanmağa başlayan, torpaq üçün həsrətinin göz yaşı ilə gecəsini gündüzünə calayan hər kəs təsəllini onda tapırdı. "Qarabağ" təsəvvürümüzün heç hüdudlarına daxil olmayan, xəyalını qurmaqda belə çətinlik çəkəcəyimiz günləri 12 ildir Azərbaycan üçün yaşadır.  Milyonlar alaraq ölkə futbolu üçün heç nə etməyən Yurçeviçlərin, Byazilərin yox, Qurban Qurbanovun sayəsində. Bu gün "Qarabağ"ın məğlubiyyəti yalnız onun ayağına, onun adına yazılır. 12 ilin üstündən nankorcasına xətt çəkilir.

Futbolu bilən, bilməyən, bir dəfə öz cibindən pul verərək bilet alıb stadiona getməyən adamlar sosial şəbəkələrdə 2-3 "like" xətrinə ona könlü istəyən hər şeyi yazmaqda özünü sərbəst hesab edir. Niyə? Çünki Qurban Qurbanov futbolu bilmirmiş, mütəxəssis deyilmiş, bu işlərdən anlamırmış. O, yalnız əmlaklarını çoxaldırmış, bahalı maşınlar alırmış. 2008-ci ildən komandanı bu yerlərə gətirən adamdan danışırıq. 0-dan komanda yığan, gəldiyi zamanlarda normal qazancı belə olmayan şəxsdən. Bordinlərin pulları niyə hesablanmırdı, məsələn? Azərbaycanlı deyildi deyə? Ölkəyə gətirilən hansı əcnəbinin pullarını, əmlakını, var-dövlətini bu qədər müqayisə etmisiniz indiyədək?

Xatırlamıram. Bəlkə də, sizə yediyi pullara layiq olmayan adamlar gətirmək lazım imiş. Qurban Qurbanov sizə yəqin ki, 1 bədən çox gəlib. Əmlakını hesabladıqda, etdiyi xeyriyyə işlərini görməzlikdən gəlməyiniz də qəribədir. Bəziləriniz vəzifədə olarkən sizdən kömək gözləyən insanların yanından düz keçib dəbdəbəli avtomobilinizə minəndə Qurbanov onkoloji xəstəlikdən əziyyət çəkən 12 yaşlı Cabirə, ürək əməliyyat üçün pula ehtiyacı olan Vəli Hüseynova, ehtiyacı olan ailələrə yardım edirdi. Yəqin avtomobilinizə çəkdirdiyiniz "plyonkalar" bunları görməyinizə mane olub.

Futbolu bilmədiyini hesab etdiyiniz şəxs "Qarabağ"ı Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə,  ilk dəfə Konfrans Liqasında play-off-a, ilk dəfə Avropa Liqasının  pley-off və 1/8 finala yüksəldən adamdır. Mən hələ bu oyunlardakı ilklərdən danışmıram. O uğurları sadalasam, ardıcıllıqdan başınız gicəllənər. Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsindəki oyunda xal almaqdan (1 dekabr, 2017, "Atletiko Madrid" ilə səfər matçı 1:1) tutmuş UEFA turnirlərində bir mövsümdə (2025/26) 31 qol vuraraq klub reytinqinə 13,750 xal gətirməsinə qədər hər şey istefa verməsini istədiyiniz adamın baş məşqçiliyi dönəmində yazılan uğurlardır. Bu qədər ilkin qarşısında hələ də Qurbanovun futbol biliyindən şübhə edirsinizsə, Heredot belə qəbrindən durub gəlsə, siz tarixi də, tarixi uğurun nə olduğunu da anlamayacaqsınız.  Sayəsində sevincinizdən yer tapa bilmədiyiniz günlərin "sağ ol"unu yerindən göndərməyə çalışmaqla ödəyirsiniz?!

Anlamaq lazımdır ki, bundan bir 100 il keçsə də, Qurbanovun ölkə üçün, Azərbaycan futbolu üçün etdikləri təkrarlanmayacaq. Sizin kiçiltməyə çalışdığınız şəxs "Qarabağ"ın qələbə qazandığı oyunlarda sevinci ilə belə sizi incitməyib. 

Çox uzağa getmək lazım deyil. Təxminən, 6-7 ay əvvəl "Çelsi" ilə heç-heçə, “Benfika”, “Kopenhagen” və “Ayntraxt” kimi klublar üzərində qələbə qazandırdığı üçün başına and içdiyiniz adam haqqında bu gün "başını buraxın" yazırsınız. Ola bilər ki, içkinizin miqdarı hesabladığınız əmlakların məbləğindən daha çox olub? Əks halda, bu qədər naliyyətləri görməmək üçün göz qişanız yırtılmış olmalıdır. 

Qısaca, bu ölkəni beynəlxalq arenada kifayət qədər tanıtdıran, Azərbaycan futbolunu çiyinlərində tək daşıyan Qurbanova qarşı etdiyiniz rəftar, göstərdiyiniz münasibəti nə tarix bağışlayar, nə də and içdiyiniz Allah!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1252

Oxşar yazılar