“İnter” – “Simurq” münasibətlərinə dair  RƏSMİ AÇIQLAMA
25 dekabr 2012 18:18 (UTC +04:00)

“İnter” – “Simurq” münasibətlərinə dair RƏSMİ AÇIQLAMA

Topaz Premyer Liqasında çıxış edən Bakının “İnter” və Zaqatlanın “Simurq” klubları barədə futbol ictimaiyyəti arasında “qardaş klublar” imici formalaşıb. Daha dəqiqi, “Simurq” “İnter”in farm-klubu adlandırılır və xal mənbəyi kimi göstərilir. Son olaraq, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu komandaları bir-birinə köməklik göstərməkdə ittiham edib.

 

Məsələyə “qardaş klublar”ın özləri aydınlıq gətiriblər. “Simurq”un prezidenti Anar Bəkirov Lent.az-a açıqlamasında əvvəlcə Böyükağa Hacıyevin kim olduğunu soruşub. O, Hacıyevin vəzifəsini öyrəndikdən sonra bildirib ki, “Neftçi” İspaniya “Barselona”sı kimi bir klubdur: “Hansı baş məşqçinin rəhbərlik etməsindən asılı olmayaraq, “Neftçi” öz səviyyəsini göstərir və irəliyə doğru gedir”.

 

Bəkirov Premyer Liqanın ikinci dövrəsində “İnter”ə 1:0 hesabı ilə qalib gəldiklərini xatırladıb. O, rəhbərlik səviyyəsində bir-birilərinə xal bağışlamadıqlarını bildirib: “Bilmirəm hansı oyunçular o xalları bağışlayırlar. Rəhbərlik səviyyəsində belə bir şey yoxdur və olmayacaq. Hazırda “Simurq” birinci pillədə gedir və Avropa kuboklarında çıxış etmək istəyir. Əgər “İnter”ə 6 xalı paylayacağıqsa,  nəyə görə qitə miqyaslı turnirlərə iddia etməliyik? Əlbəttə, “6-lıq” mərhələsində də hər şey şəffaf olacaq”. 

 

“İnter”in prezidenti Georgi Nikolov isə Lent.az-a bildirib ki, “Simurq”la münasibətləri ətrafında heç bir ajiotaj yoxdur. Bu məsələ AFFA və Peşəkar Futbol Liqasının dekabrın 25-də klublarla keçirdiyi görüşdə müzakirə mövzusu olmayıb. Nikolovun sözlərinə görə, “Simurq” çox güman ki, çempionluğa və ya Avropa kuboklarına vəsiqəyə doğru gedir, burada isə “İnter”in heç bir rolu yoxdur: “Onlar müstəqil komandadırlar, Zaqatalanı təmsil edirlər. Uğurlar arzulayıram. Klublar nə istəyirlər, desinlər, amma “İnter”lə “Simurq” arasındakı görüşlərdə necə döyüşkən mübarizənin gedəcəyini hamı görəcək”.

 

Qeyd edək ki, hazırda “Simurq” və “İnter” turnir cədvəlində ilk 2 yeri bölüşdürürlər.

# 670
avatar

Oxşar yazılar