Banklara qoyulan əmanətlər azalıb
12 avqust 2009 12:45 (UTC +04:00)

Banklara qoyulan əmanətlər azalıb

Yanvarda əhali tərəfindən banklara qoyulan əmanətlərin həcmi 5 milyard, iyunda 3,4 milyard manat təşkil edib

2009-cu ilin birinci yarısında Azərbaycan banklarına qoyulan əmanətlərin ümumi həcmi 3,4 milyard manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz azdır. Belə ki 2008-ci ilin iyununda bankların əhalidən topladıqları əmanətlərin həcmi 4,4 milyard manat təşkil edib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyindən (İTYİB) Lent.az-a bildiriblər ki, yanvar ayında əhali tərəfindən banklara qoyulan əmanətlərin həcmi 5 milyard manat olduğu halda, iyunda bu məbləğ 32 faiz azalaraq 3,4 milyard manata düşüb. Fevral ayının əvvəlində ölkəyə gələn “devalvasiya xəbərləri“nin təsiri nəticəsində əhali 1,1 milyard manatlıq əmanətini banklardan geri götürüblər. Fevral ayı üzrə əmanətlərin həcmi 3,9 milyard manat olub. Azalma mart ayında da davam edib - 3,3 milyard manat. Növbəti aylarda sabitləşmə və hətta cüzi də olsa, artım baş verib.

İTYİB-in hesablamalarına görə, devalvasiya qorxusu özünü əmanətlərin strukturunda da göstərib. Belə ki, əhali milli valyuta olan manata əvvəlki kimi etibar etmir. Manatın bütün əmanətlərdə payı 2005-ci ildə 20,5 faiz, 2006-cı ildə 38 faiz, 2007-ci ildə 48,7 faiz, 2008-ci ildə 41,5 faiz təşkil etdiyi halda, son aylar bu göstərici yenidən azalıb. Artıq 2009-cu ilin iyulun 1-ə manatın payı 37,7 faizə düşüb.

Əmanətlərin strukturunda diqqəti çəkən digər məqam əmanətlərin müddəti ilə bağlıdır. Təhlillər göstərir ki, son dövrlər əhali manatı müddətsiz, xarici valyutaları isə müddətli yerləşdirməyə üstünlük verir. Bu isə o deməkdir ki, milli valyutanın ucuzlaşacağından qorxan əmanətçi manatı konkret tarixdə yox, istədiyi vaxt bankdan götürmək istəyir. Məsələn, ilin əvvəlinə manat üzrə yatırılan pulların ümumi həcmində müddətsiz əmanətlər 49,4 faizə bərabər idisə, iyulun 1-ə bu rəqəm 54,5 faizədək artıb. Halbuki müddətsiz əmanətlərin xüsusi çəkisi 2005-ci ildəki 82,9 faizdən 2008-ci ildəki 52,4 faizə qədər azalmışdı.

Xarici valyuta ilə qoyulan əmanətlərdə isə vəziyyət əksinədir. Belə ki, ilin əvvəlində xarici valyuta üzrə cəlb edilən pulların ümumi payında müddətsiz əmanətlər 43,6 faiz təşkil etdiyi halda, iyulun 1-ə bu rəqəm azalaraq 31,2 faizə düşüb.

Xatırladaq ki, xarici valyutalar üzrə müddətsiz əmanətlərin xüsusi çəkisi 2005-ci ildə 33,5 faiz, 2008-ci ildə 24,2 faiz təşkil edib.

Elxan SALAHOV
# 755

Oxşar yazılar