Azərbaycanda ƏDV GERİ AL  FIRILDAĞI:  İnsanları aldadırlar
04 fevral 2022 16:25 (UTC +04:00)

Azərbaycanda ƏDV GERİ AL FIRILDAĞI: İnsanları aldadırlar

Vergilər Nazirliyi tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı görülən işlər davam edir. Yeni nəsil kassa aparatları həm hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, həm də alıcılara ƏDV-nin bir hissəsini geri almasına imkan yaradır.  

Artıq iki ilə yaxındır ki, istifadəyə verilən edvgerial.az saytından qeydiyyatdan keçmiş şəxslər yeni kassalardan verilən qəbzlər sayəsində ƏDV-nin bir hissəsini geri ala bilirlər. Amma bu sahədə bir çox hallarda qanunsuzluqlara yol verilir. Vətəndaşlar da bunu fırıldaq kimi qəbul edirlər.  

Belə ki, əsasən, marketlərdəki yeni kassalardan verilən qəbzlərin üzərindəki fiskal kodu edvgerial.az portalında qeydiyyatdan (çekin üzərində qeyd edilən QR kodu, unikal identifikator (fiskal İD) proqram tərəfindən tapılmır) keçirə bilmirlər. Bunun da müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri çeklərin solğun verilməsdir.

Kassalarda verilən çeklərdə fiskal kodu görünmədikdə satıcıya şikayət bildirilir. Satıcı isə bəhanə kimi qeyd edir ki, yeni çeki çıxarmaq üçün administratoru çağırmaq lazımdır və bu da xeyli vaxt alacaq. Bir çox hallarda yaranan problem zamanı edvgerial.az portalından istifadəçiyə “Çek tapılmadı. Fiskal İD yanlışdır və ya çek məlumatları bazaya hələ əlavə edilməyib” məzmunlu cavab gəlir.

Bəzi kafe və restoranlarda isə çeklərin üzərindəki fiskal kodu kəsilərək müştəriyə təqdim edilir. Bununla da həmin çekin fiskal kodunu kafe və ya restoran əməkdaşları qeydiyyatdan keçirərək ƏDV-ni özləri üçün geri alırlar.

Lent.az məsələnin təfərrüatlarını öyrənmək üçün iqtisadçı-ekspert Rəşad Həsənovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, ƏDV sisteminin operativliyinin az olması insan auditoriyasını aşağı salır:

“Vətəndaşlar ilk olaraq əgər iaşə, pərakəndə ticarət müəssisələrində ƏDV-ni geri almaq istəyirlərsə, o zaman öncə istehlak etdikləri ticarət obyektinin vergi ödəyicisi olub, olmadığını öyrənməlidirlər. Çünki müəssisə vergi ödədikdə onun verdiyi qəbz ədv-ni geri qaytara bilər. Bu məqam diqqətdə saxlanılmalıdır. 

Digər bir məsələ bütün məsullara ƏDV verilməməsidir. Bəzən mənə də müraciət olunur ki, marketdən alış-veriş etmişəm sistemə daxil edirəm amma ƏDV verilmir. Kənd təsərrüfatı məhsulları, 2022- ildən bəri tütün məhsulları ƏDV-dən azaddır. Belə olduğu təqdirdə "cashback" geri qaytarılmır. 

Eyni zamanda, texniki qüsurların olması ilə bağlı kifayət qədər şikayətlər, narazılıqlar var. Məsələn, şikayətlərdən biri “sistemə daxil edilən qəbzin ƏDV-si 90 dəqiqədən sonra geri qaytarılacaq” yazılsa da, günlər keçir amma cavab gəlmir. Bunlar texniki məsələlərdir, sistemin operativ işləməsi auditoriyanı daha da artırar.

Ümumilikdə götürsək, ƏDV-nin verilməsi legallaşma ilə bağlıdır. Yəni əsas məqsəd dövriyyənin qanuniləşdirilməsi və gizli iqtisadiyyatla mübarizənin aparılmasıdır”. 

Bu sistemdə əsas nöqsan nədir?

Ekspertin sözlərinə görə, ƏDV-nin faizləri artırılmalıdır: “ƏDV-nin geri verilməsi əslində kiçik-orta mikrosahibkarlığı sıradan çıxarır. Yəni tələbin təmərküzləşdirilməsinə xidmət edir. İri vergi ödəyicilərinin xidmətlərinə meylliyi təşviq edir. Qonşu marketlər, kiçik kafelər, pərakəndə ticarət müəssisələri və s. onlar bu sistemin təzyiqləri altında əzilir və sıradan çıxır. 

Bundan əlavə, nöqsanın özünün məqsədə xidmət etmə effektlivliyi. Yəni 1000 manat alış-veriş etdikdə, 15 manat və ya 22 manat (nağdsız olduğu təqdirdə) hər hansı geri dönüş alırsızsa, bu sizi o qədər də maraqlandırmır. Bu da sistemdən istifadə marağını aşağı salır. Əgər faizlər qaldırılsa, insanlar bu prosesdə daha maraqlı olarlar”.

Vergidən yayınma bizim ölkədə institutlaşıb...

“İqtisadiyyatın əhəmiyyətli hissəsi ölkəmizdə illegal çalışır. Vergidən yayınma bizim üçün institutlaşıb. ƏDV geri al mexanizminin yaradılması illegal çalışan iqtisadiyyatla mübarizə məqsədi daşıyır. Əgər mağaza qəbzi tələb edəndə QR kodunu ( ədv olan hissəsini) vermirsə, qanuna ziddir. İnsanlar bunu satıcıdan tələb etməlidir. 

Digər bir məsələ isə mağazalarda yeni nəsil kassa aparatının olmamasıdır. Bəzən alıcı qəbz tələb etdikdə alınan məhsulun siyahısı, çəkisi və qiyməti olan, anbara bağlı çek verilir. O qəbz rəsmi sənəd deyil və alıcını aldadırlar. 

Birmənalı olaraq, insanlar bilməlidir ki, rəsmi dövriyyəni legallaşmasını və qanuniliyini göstərən qəbzlər üzərində vergi ödəyicisinin bütün göstəriciləri, alınan saat, QR kodu və Fiskal İD-si əks olunan çeklərdir”. 

# 22044
avatar

Fidan İlqar

Oxşar yazılar