Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
24 sentyabr 2026 23:54 (UTC +04:00)

Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA

0

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı məsələyə aydınlıq gətirib.

ABA-dan Lent.az-a bildirilib ki, mövcud qaydalara əsasən, əməkhaqqı, pensiya və digər sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesablarına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı kartlar istisna olmaqla, hər bir bankın təqdim etdiyi hər bir kart məhsulu üzrə milli valyutada 1, xarici valyutada isə 1 ödəniş kartı nəzərdə tutulur.

Bu o deməkdir ki, müştəri bankın təqdim etdiyi müxtəlif kart məhsullarının hər biri üzrə ayrıca kart əldə edə bilər.

Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması milli valyutada 2 hesab, hər bir xarici valyuta üzrə isə 1 hesab müəyyən edir.

ABA onu da qeyd edib ki, bu limitlər baza xarakterlidir və qəti məhdudiyyət kimi tətbiq olunmur. Risk əsaslı yanaşma çərçivəsində istifadəçi kart və ya elektron pul hesabından istifadə məqsədini əsaslandıra bildiyi, əməliyyatların müştəri barədə mövcud məlumatlarla uyğun olduğu və hesabların qeyri-qanuni məqsədlər üçün istifadə edilmədiyinə əminlik yarandığı halda, bank və ya elektron pul təşkilatı həmin limitləri konkret müştəri üzrə artıra bilər.

Assosiasiya vurğulayıb ki, yanaşmanın məqsədi vətəndaşların ödəniş imkanlarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etmək və təhlükəsiz, dayanıqlı ödəniş ekosistemi formalaşdırmaqdır.

***

17:37

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.

Lent.az "Oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.

Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.

Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri satışı oktyabrın 1-dən dayandıracaq.

Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.

Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.

Xatırladaq ki, bundan əvvəl ölkədə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Avqustun 1-dən tətbiq olunan qaydaya əsasən, istifadəçiyə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil limitləşdirilib. Məxaric əməliyyatları isə limitsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 838

Oxşar yazılar