“Kristal” Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən tikili ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
Şirkətdən Lent.az-a bildirilib ki, sözügedən tikili ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılıb və Bakı Apellyasiya Məhkəməsinin 30.09.2025-ci il tarixli, 2(103)-443/2025 saylı qərarı ilə 53 kv.m sahəsi olan özbaşına tikilinin 34.500 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qərara alınıb.
Qərar qanuni qüvvəyə mindikdən sonra icra sənədi 26 yanvar 2026-cı il tarixində verilib və Yasamal Rayon İcra Şöbəsi tərəfindən icraata yönəldilib. Borcluya məhkəmə qərarının könüllü icrası üçün vaxt verilmiş, rəsmi qaydada bildiriş təqdim edilib.
Lakin müəyyən edilmiş müddət ərzində tikili könüllü şəkildə boşaldılmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilib. İcra prosesi dövlət icra məmurunun rəhbərliyi ilə, polis əməkdaşlarının, təcili tibbi yardım briqadasının və digər aidiyyəti qurumların iştirakı təmin edilməklə həyata keçirilib. Bu, prosesin tam şəffaf və təhlükəsizlik qaydalarına uyğun icra olunması məqsədi daşıyırdı.
Söküntü tam qanuni əsaslarla həyata keçirilib. Bildiriş verilmədiyi və icazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir.