Türkiyənin Adana şəhərində 40 milyon lirəlik borc mübahisəsi iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı Mehmet Nuri Ataş aralarında maliyyə mübahisəsi olan ortağı, təqaüddə olan polis əməkdaşı Aytekin Filin iş yerinə gedib.
Tərəflər arasında yaranan mübahisə davaya çevrilib. İddiaya görə, Ataş tapançadan atəş açaraq Aytekin Fili və onun həyat yoldaşı Neslihan Fili yaralayıb, sonra hadisə yerindən qaçıb.
Cütlüyün oğlu, 30 yaşlı Sinan Fil şübhəlini saxlamaq üçün onun avtomobilinə minib. Avtomobildə baş verən qarşıdurma zamanı Ataşın Sinan Fili başından vurduğu bildirilir. Şübhəli ağır yaralı gənclə təxminən 5 kilometr yol getdikdən sonra avtomobili küçədə qoyaraq qaçıb.
Aytekin Fil xəstəxanada, oğlu Sinan Fil isə avtomobildə həyatını itirib. Yaralanan Neslihan Fil müalicədən sonra evə buraxılıb. Ataş polis əməkdaşları tərəfindən gizləndiyi evdə tutulub.
Şübhəli ifadəsində Aytekin Fillə ortaq tikinti işi gördüklərini, payına düşən 40 milyon lirənin ona ödənilmədiyini iddia edib. Adliyəyə aparılarkən jurnalistlərə “Hadisələri bilmədən qərəzli olmayın. Buna dövlətin məhkəmələri qərar verəcək” deyib.
Mehmet Nuri Ataş məhkəmənin qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.