"Başıma elə vurdu ki, həmin yerdən tük bitmədi" - Bacısı oğluna işgəncə verən  Günayın İŞİ
23 sentyabr 2026 14:23 (UTC +04:00)

"Başıma elə vurdu ki, həmin yerdən tük bitmədi" - Bacısı oğluna işgəncə verən Günayın İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.

Zərərçəkən qismində ifadə verən Ü.M xalası tərəfindən dəfələrlə zorakı rəftara məruz qaldığını bildirib:

"Dəcəllik edəndə, sözünə baxmayanda, taxta ilə kürəyimdən, belimdən vururdu. Başıma taxta ilə elə bərk vurmuşdu ki, saçım qırxılandan sonra həmin yerdə tük bitmədi. Xalam dualar yazırdı, fala baxırdı. Evə xeyli adamlar gəlirdi, çoxu da qadınlar idi. Onlar duaların, fala baxmağın qarşılığında xalama qızıllar verirdilər, kartına pul köçürürdülər".

Zərərçəkən daha sonra məhkəmənin, dövlət ittihamçısının, vəkillərin suallarını cavablandırıb.

Növbəti proses 14 oktyabr saat 10:00-a təyin edilib.

Xatırladaq ki, 2019-cu ildə Ü. M-un atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra Ü. M-un xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Ü. M və onun qardaşına qəyyum təyin edilməsini xahiş edib.

2025-ci il sentyabrın 1-də Ü. M-un məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətirib.

Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən Günay Novruzova barəsində Cinayət Məcəllləsinin 133.2.4 (Əzabvermə - təqsirkar şəxs üçün aşkar xəstə, köməksiz və ya psixi pozuntu vəziyyətində olan, yaxud maddi, xidməti və ya başqa cəhətdən təqsirkar şəxsdən asılı olan şəxsə qarşı törədildikdə) 133.2.6 (xüsusi amansızlıqla, işgəncə verməklə törədildikdə) 178.3.2 (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar