"Dedilər pivə içib gedəcəyik" - Bakıda "playstation"dakı QƏTL İŞİ
11 fevral 2026 12:15 (UTC +04:00)

"Dedilər pivə içib gedəcəyik" - Bakıda "playstation"dakı QƏTL İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Q.A. təqsirləndirilən şəxsləri tanımadığını deyib:

"Playstationda işləyirəm. Axşam saat 1-2 radələri olardı ki, 3 nəfər içəri girdi. Onlara dedim ki, artıq gecdir, playstation bir azdan bağlanır. Mərhum Turan Əliyev xahiş elədi ki, pivənizi içib, çox yubanmayacağıq, tez gedəcəyik. Yarım saat sonra Natiq içəri daxil oldu, daha iki nəfər də gələndən sonra dava başladı. Baş verənləri içəridəki kameradan müşahidə edirdim. Gördüm Turan qan içində yerə yıxılıb. Çöl pəncərə qırılmışdı. Polis gələndə sonradan gələn 3 nəfər qaçdılar".

Şahid Ö.R. hadisə günü evdə olduğunu bildirib:

"Taksi işləyirəm. İşdən təzəcə evə gəlmişdim dostlarım çağırdılar ki, gedək çay içməyə. Biz məkana girəndə Tural Afiqi itələyib bıçaq çıxardı. Mən tez ortaya girib araladım. Geri dönəndə gördüm ki, Tural Afiqi divara sıxıb, ayağından bıçaqla vurdu. Onları təkrar sakitləşdirmək istəyəndə, Tural stolun üstündəki bakalı götürüb başıma çırpdı. Qardaşı tez tutdu onu ki, bunu vurma, o, bizə heç nə eləməyib. Turalı yerdə qan içində görəndə Afiq qışqırmağa başladı ki, həkim çağırın, qoymayın onu ölsün. Sonra valideynləri və polis əməkdaşları məkana gəldilər".

Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesi 4 mart saat 11:00-ə təyin edib.

Xatırladaq ki, ötən il Bakı şəhəri ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, onu öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub, Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar