"Maliyyə məsələlərinə ağsaqqal kişi nəzarət edirdi" - İlqar Mustafayevin İŞİ
14 oktyabr 2026 12:12 (UTC +04:00)

"Maliyyə məsələlərinə ağsaqqal kişi nəzarət edirdi" - İlqar Mustafayevin İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid A.S təqsirləndirilənlərdən İlqar Mustafayevi tanıdığını deyib:

"Mən sadəcə işçi olmuşam, Bayraq Meydanı tərəfdəki avtodayanacaqda işləmişəm. 2021-ci ildən 2023-cü ilə kimi işlədim. Maaşım 400 manat idi, əldən alırdım. Maaşları Natiq Hümbətov paylayırdı".

Şahid A.V bulvar ərazisində yerləşən kafelərin birindı  nəzarətçi olduğunu bildirib:

"İşim kafedə müştərilərə nəzarət etmək idi. 600 manat maaş alırdım. Qardaşımın Vüqar müəllimlə tanışlığı vardı deyə, oraya işə düzəlməyə kömək etmişdi. 2020-ci ildən 2023-cü ilə qədər orada işləmişəm. Maliyyə məsələlərinə heç bir aidiyyatım olmayıb, buna orada tanımadığım ağsaqqal bir kişi nəzarət edirdi".

Şahid V.B sahibkar olduğunu və bulvar ərazisində icarəyə yerlər götürdüyünü bildirib:

"İlqar müəllimlə iş əsnasında görüşürdüm, müzakirələr aparırdıq. Onun dövründə ən azı iki fəaliyyət VÖEN-im vardı. Bunun da səbəbi iki fərqli şirkətimin olması idi. Mənim ümumiyyətlə 40-dan çox şirkətim var. Hazırda da bulvarda obyektlərim fəaliyyət göstərir. Hər ay 7-8 min manat icarə haqqı verirdim. İlqar müəllimə şəxsən pul verməmişəm. İcarəyə ərazi götürüb ödəniş etmişəm".

Növbəti proses 21 oktyabr saat 10:00-a təyin olunub.

Xatırladaq ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2-ci (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar