Dostunu "girov" götürdü, qul kimi işlətdi, çürümüş meyiti tapıldı - Bakıda DƏHŞƏT
26 sentyabr 2023 20:15 (UTC +04:00)

Dostunu "girov" götürdü, qul kimi işlətdi, çürümüş meyiti tapıldı - Bakıda DƏHŞƏT

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il mayın 6-da Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektindəki evində 1986-cı il təvəllüdlü Şamil Əliyevin meyiti tapılır. Meyit tapılarkən üzərində bıçaq xəsarətləri və çürümə də müəyyən edilib.

Məlumat əsasında, polis və prokurorluq əməkdaşları, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünüb ki, Şamil Əliyev əvvəllər soyğunçuluq, quldurluq və dələduzluq əməllərinə görə 3 dəfə məhkum olunub.
 
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Emil Ağayev mayın 16-da İmişli rayonunda saxlanılaraq, Bakıya gətirilib.

Hadisə olan bina

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, aprel ayında Şamil Əliyev tanışı Emil Ağayevə yaşadığı mənzili satmazdan öncə təmizlik işlərinin görülməsində ona köməklik göstərməsini, eyni zamanda gəlib onunla birlikdə qalmasını xahiş edib.

Emil hadisə baş verən günədək, könüllü dostunun evində qalaraq, təmizliyə kömək edib. Həmçinin Şamil Əliyevin göstərişləri əsasında mağazalardan ərzaq məhsulları, siqaret və sair mallar alıb, yemək bişirib, qabları yuyub. Bir müddətdən sonra Şamilin, ona qulluqçu kimi yanaşmasından, paltarlarını yuduzdurmasından, mənzilə gələn tanışlarının yanında şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsindən, hətta ona əl qaldırmasından bezərək, ayın 23-ü gecə saat 2 radələrində mənzildən xəbərsiz çıxıb getmək istəyib. Qapının qıfılının açılmasını eşidib, icazəsiz evdən çıxmağa hazırlaşdığına görə Şamil Əliyev onu söyüb. Aralarında baş verən mübahisə zamanı, Emil Ağayev bıçaqla Şamilin bədəninin müxtəlif nahiyələrinə 6 dəfə zərbə endirib. Nəticədə Ş. Əliyev ölüb.


 
İş üzrə dindirilmiş Emil Ağayev bildirib ki, Ukrayna Respublikasının Xarkov şəhərində ali təhsil alıb. Əvvəllər hərbçi olub, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olunub:

“2022-ci ilin aprel ayında məhəllədə yaşayan Ceyhun adlı şəxsin vasitəsi ilə Şamil Əliyevlə tanış olmuşam. Söhbət əsnasında, Şamil şəhərdə olan evini satmaq istədiyini, amma satışa çıxarmazdan əvvəl mənzili təmizləmək lazım olduğunu bildirdi. Ceyhun köməkli göstərməkdən imtina etdi. Bu səbəbdən Şamil evi təmizləməyi məndən xahiş etdi və müqabilində, mənzil satılanda, mənə pul verəcəyini dedyi. İşim və pulum olmadığından razılaşdım. Bundan sonra Ceyhun taksi sifariş etdi və Şamillə birlikdə Atatürk prospektində yerləşən mənzilə gəldik. Evə girdikdə, içərinin zibil ilə dolu və əşyaların səliqəsiz vəziyyətdə olduğunu gördüm. Şamillə köməkləşib evdə təmizlik işləri görməyə başladıq. Gecə orda qaldım. Növbəti gün Şamil mobil telefonumu ona verməyimi xahiş etdi və Kliniki Tibbi Mərkəzə gedəcəyini deyib evi təmizləməyimi tapşırdı. Onun istəyini pis fikirlə qəbul etmədim və mənzildə səliqə-sahman yaratmaqda davam etdim. Sonrakı günlərdə hiss etdim ki, Şamil mənə sanki qulluqçu gözü ilə baxır. Buna narazılığımı bildirəndə, tanışım belində gəzdirdiyi bıçağı çıxarıb dəstəyi ilə başıma vurdu və dedi ki, evdə onun dedikləri icra olunmalıdır.

Bundan sonra əvvələr məhkumluq həyatı yaşamış Şamilə qarşı qorxu hissim yarandı. Öz evimə getmək istəməyimi söylədikdə, tanışım bildirdi ki, nə vaxt mənzili təmizləyib qurtarsam, onda gedə bilərəm. Şamil evdən çıxıb getdiyi vaxtlarda qapını çöl tərəfdən bağlayırdı. Ara-sıra onun gətirdiyi narkotik və psixtrop maddələrdən istifadə edirdik. Anama dostumun yanında qaldığımı desəm də, harda qalmağım barədə məlumat vermədim. Bu müddət ərzində onun evinə tanımadığım şəxslər qonaq gəlib-gedirdi. Şamilin tapşırığı ilə onlara yemək hazırlayırdım”.

Emil Ağayev

Həmin şəxslərin yanında da Şamil onu təhqir edib və döyüb. Aprelin 22-də günorta tanışı evdən çıxaraq, qapını yenədə çöldən bağlayıb:

“Saat 18 radələrində Şamil Əliheydər adlı şəxslə qayıtdı, metamfetamin qəbul etdik. Ev sahibinin tapşırığı ilə onlara çay verdim. Əliheydər gedəndən sonra evdə ikimiz qaldıq. Gecə saatlarında Şamil başıma zərbələr vuraraq, mənzili süpürməyimi və paltarları yumağımı tələb etdi. Hiss etdim ki, tanışım narkotik maddə qəbul etdiyi üçün aqressivləşib. Şamil otaqda əyləşib televizora baxanda, mətbəxdə idim. Artıq cana yığıldığımdan qərara gəldim ki, sakitcə evdən çıxım. Asta addımlarla qapıya doğru gedib cəftəni açdım. Lakin açarla bağlı olduğundan qapı açılmadı. Səsi eşidən Şamil içəridən “hara qaçırsan” deyə-deyə dəhlizə gəldi. Ev sahibinin məni bıçaqla vuracağından qorxdum. Buna görə də, özümü qorumaqdan ötrü mətbəxdə masanın üstündə olan dəstəyi qara rəngli bıçağımı götürdüm. Dəhlizdə, üzbəüz vəziyyətdə öncə onun sinə, ardınca da baş və boyun nahiyələrinə 5-6 dəfə zərbə vurdum.

Şamil arxası üstə yerə yıxılaraq, hərəkətsiz qaldı. Hamam otağına keçib əllərimi yudum. Döşəmə üzərində olan bıçağı, sonra da otağa keçib masada olan telefonumu götürdüm. Bıçağı gödəkçəmin cibinə qoyaraq mənzildən çıxdım və açarla qapını bağladım. Məhəlləyə düşəndən sonra bir az irəli gedib kəsici aləti zibil ququtusuna atdım. Həsən Əliyev küçəsində yoldan keçən “Mercedes C klass” markalı taksi avtomobilini saxladım və 5 manata “Nargilə” dairəsi adlanan əraziyə getdim. Gecə saat 3 radələrində evə çatdım. Qapını açan anama mübahisə zamanı tanışımı bıçaqladığımı, lakin onun ölüb-ölmədiyini bilmədiyimi dedim. Qorxduğumdan polisə təslim olmaq istəmədəyimi bildirdim.  Anam özü polisə məlumat vermək istəsə də, xahiş etdim ki, bunu etməsin. Hamam otağına keçdim”. 

Çiməndən sonra təzə paltarlarını geyinib, köhnələrini isə gecə ilə həyətdəki zibil yeşiyinə atıb. Mobil telefonunu söndürüb. Ölkəni tərk etmək qərarına gəldiyi üçün xarici pasportunu dəyişmək istəyib:

“Bunun üçün, ayın 24-də əvvəl anamla birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə yaxınlaşdım. Mənə 2 gün ərzində müvəqqəti hərbi biletimi əvəz edən sənəd verildi. Həmin sənədlə 2 saylı “Asan Xidmət” Mərkəzinə getdim və bir gün ərzində 90 manata yeni şəxsiyyət vəsiqəsi aldım. Xarici pasport almaq üçün müraciət edəndə, ölkədən çıxışıma qadağa qoyulduğunu öyrəndim. Mayın 7-də gizlənmək məqsədi ilə İmişli rayonunda yaşayan Rəşad adlı tanışıma zəng etdim və şəhərdə yaşamaqdan yorulduğumu söyləyərək, ondan kirayə ev təşkil etməsini xahiş etdim. Tanışım mənim üçün 130 manata kirayə ev tapdığını xəbər edəndə, anamdan 350 manat pul alıb rayona yollandım. Ayın 16-da axşam orda Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutuldum”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Murad Əliyev ifadəsində göstərib ki, uşaq olanda atası Azad Əliyev həbs olunub, sonra isə anası ilə boşanıb:

“2005-ci ildə anam vəfat edəndən sonra mənə və qardaşım Şamilə nənəmiz baxdı. 2011-ci ildə F.X.Xoyski, 93 ünvanında yerləşən evimiz söküldüyündən ailəlikcə Atatürk prospekti, 4 ünvanına köçdük. Evlənəndən sonra mən, arvadım və 2 övladımla birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayamağa başladım. Narkotik vasitələr qəbul edən Şamillə münasibətimiz yaxşı deyildi. Son 1-2 ildə onunla ümumiyyətlə əlaqə saxlamamışam. Hadisə günü işdə olanda, qonşular mənə zəng edib Şamilin öldürüldüyünü və meyitinin 15 gün evdə qaldığını bildiriblər. Eşitdiyimə görə, təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə qardaşımı öldürüb”.
 
Şahid Sevinc Əliyeva bildirib ki, Şamil Əliyev onunla qonşuluqda yaşayıb:

“May ayında binanın blokundan üfunət iyi gəldiyini hiss etdim. Daha 2 gündən sonra artıq pis qoxu səbəbindən bloka girmək mümkün olmadığından, polisə zəng edib məlumat verdim. Zəng edəndən 15 dəqiqə sonra polis əməkdaşları yaşadığım ünvana gəldilər və qonşumun meyitini yaşadığı mənzildə aşkar etdilər. Şamil Əliyev bir neçə il əvvəl həbsdən çıxıb, aramızda ədavət olmayıb. Şamilin yaşadığı evə mütəmadi gecələr tanımadığım şəxslər gəlib-gedirdi. Emil Ağayevi əvvəllər görməmişəm”.

Şahid Əliheydər Səfərov bildirib ki, 2017-ci ildən Respublika Narkoloji Mərkəzində qeydiyyatda olduğu üçün həkim resepti əsasında  gündəlik Kliniki Tibbi Mərkəzdə psixotrop maddə qəbul edir:

“2022-ci il aprelin 22-də Şamil Əliyevin mənzilində narkotik vasitə qəbul edəndən sonra, taksi ilə evə qayıtdım. Emil məni yola salmaq üçün məhəlləyə düşdü. Söhbət zamanı o, Şamilin hərəkətlərindən yorulduğunu söyləyəndə, Emilə səbrli olmasını və onu yola verməsini dedim. Növbəti gün Kliniki Tibbi Mərkəzə gəlib-gəlməyəcəyini öyrənməkdən ötrü Şamilə zəng etsəm də, o, cavab vermədi. Gün ərzində təkrar həmin nömrəyə yığsam da, cavab verən olmadı”.

Şahid qeyd edib ki, ayın 22-də Şamil Emili söyüb alçaltsa da, aralarında dava olmayıb.
 
Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Emil Ağayevdə narkotik vasitələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunub.
 
Məhkəmə iclasında Emil Ağayev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.

Hadisənin törədildiyi bıçaq
 
Məhkəmə Emil Ağayevin Şamil Əliyevi öldürmək niyyətinin olmaması barədə verdiyi ifadəsini, müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edib.
 
Məhkəmə nəticəyə gəlib ki, Emil Ağayevin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13341
avatar

Oxşar yazılar