Kriminal aləmdə böyük nüfuza malik Kutaisi “qanuni oğru”larından biri, “Tsiko” ləqəbi ilə geniş tanınan Teymuraz Qoqolaşvili Trabzonda 70 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, Timur Tsiko 1978-ci ildə hərbi xidmətdən yayınmağa görə aldığı ilk məhkumluq cəzasını başa vurduqdan sonra Kutaisidə “qanuni oğru” elan edilib. Bu hadisə Leo Qoçelaşvilinin qızının toyuna təsadüf edən kriminal toplantıda baş verib. Həmin mərasimdə Kutaisi kriminal aləminin ən nüfuzlu simalarının iştirak etdiyi bildirilir.
Tsiko ümumilikdə altı dəfə məhkum olunub. Bunlardan dördü SSRİ dövrünə təsadüf edib. O, Omskda cəza çəkərkən həbsxana rəhbərliyinin tələblərinə tabe olmamağa görə də məsuliyyətə cəlb olunub.
Daha iki məhkumluğu isə Rusiyada olub. 1995-ci ildə Tverdə silahla bağlı cinayət işi üzrə onunla birlikdə özünün “tac”landırdığı Komunyay və Tahi də məsuliyyətə cəlb olunub. 2007-ci ildə isə Moskvada narkotiklə bağlı cinayət işi üzrə məhkum edilib.
Atalarının kriminal aləmdən uzaq, adi bərbər olmasına baxmayaraq, Tsikonun kiçik qardaşı Murman “Kennedi” və əmisi oğlu Oleq də “qanuni oğru” tituluna sahib olublar.
Məlumata görə, Tsikonun qardaşı oğlu Reziko “Kennediç” də Nam Bavanın tətbiq etdiyi moratorium ləğv edildikdən sonra “qanuni oğru” elan ediləcək ilk şəxslər arasında ola bilər.
Tsikonun dəfn mərasiminin cümə günü Kutaisidə keçiriləcəyi bildirilir.