Rusiyanın Dağıstan Respublikasında qadın taksi sürücüsünün qətlində şübhəli bilinən şəxslərdən biri 43 yaşlı Azərbaycan vətəndaşıdır.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Qayana Qariyeva məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı Rusiyada qanunsuz yaşayıb və bunu gizlətmək üçün tez-tez yaşayış yerini dəyişib. Bu işdə ona qətlə yetirilən qadının keçmiş əri kömək edib.
Məlumata görə, keçmiş ər azərbaycanlı tanışına həyat yoldaşından tez-tez şikayət edib. O, qadının şərəf və ləyaqətini alçaltdığını iddia edib, boşanma ilə barışmadığını və qısqanclıq hissləri keçirdiyini bildirib.
İstintaqın versiyasına əsasən, kişi keçmiş həyat yoldaşından qisas almaq üçün azərbaycanlı tanışını özünə köməkçi seçib. Qadının bir neçə ay əvvəl yenidən ailə qurması isə keçmiş ərinin narazılığını daha da artırıb.
Oktyabrın 30-da Mahaçqala sakini olan qadın səhər saatlarında azyaşlı övladını uşaq bağçasına aparıb. Daha sonra taksi sürücüsü kimi sifariş qəbul edərək yola çıxıb. Lakin qadın evə qayıtmayıb və onunla əlaqə saxlamaq mümkün olmayıb. Məlum olub ki, taksi sifarişi əvvəlcədən qurulmuş tələ imiş. Bir müddət sonra qadının meyiti zorakılıq əlamətləri ilə aşkarlanıb.
Cinayətdə şübhəli bilinən mərhumun keçmiş əri və onun 43 yaşlı azərbaycanlı tanışı saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
