Şəhid atasının torpağını satanların məhkəməsində ŞOK İFADƏLƏR
16 noyabr 2026 13:58 (UTC +04:00)

Şəhid atasının torpağını satanların məhkəməsində ŞOK İFADƏLƏR

0

Bakının Ramana qəsəbəsində dövlətə məxsus torpaq sahələrinin qanunsuz satılması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Ceyhun Əşrəfov və zərərçəkənlər ifadə veriblər.

Ceyhun Əşrəfov bildirib ki, 2011–2012-ci illərdə Ramana qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olub.

“Əraziləri kupça ilə alırdıq, etibarnamə ilə satıb, daha sonra çıxarışla təmin edirdik. 2014–2015-ci illərdə verilən sərəncamlara əsasən satış həyata keçirmişik. Sonradan məlum oldu ki, guya kənd təsərrüfatı təyinatlı torpaqları satmışıq. Amma o vaxt heç kim gəlib bizə demədi ki, bura kənd təsərrüfatı təyinatlı torpaqdır”.

Təqsirləndirilən şəxs bildirib ki, 2021-ci ildə aparılan söküntülərdən sonra vətəndaşlara 800 min manatdan artıq vəsait ödənilib:

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məsələyə qarışana qədər 800 min manatdan çox pul ödəmişik. Qurumdan tapşırıldı ki, sökülən yerlərdə camaatın pulunu ödəyək. Lakin vəsait çatışmadığından hamısını ödəyə bilmədik”.

Ceyhun Əşrəfov əlavə edib ki, 2017-ci ildə onlara kənd təsərrüfatı təyinatlı əraziləri göstərən xəritə təqdim olunub. Onun sözlərinə görə, 17–18 nəfərin təsdiqlədiyi həmin sənəddə satdıqları torpaqlar kənd təsərrüfatı ərazisinə daxil olmayıb.

Məhkəmədə ən diqqətçəkən ifadələrdən birini isə şəhid atası olan zərərçəkən verib.

O bildirib ki, oğlunun adına torpaq sahəsi almaq üçün Nazim və Sadiq adlı şəxslərə 2500 manat ödəyib.

“Mən şəhid atasıyam. Oğlumun adına torpaq sahəsi almışdım, sonradan gəlib hasarı sökdülər. Amma ev qalıb, hazırda içində yaşayırıq. Bu hərəkəti şəhidimin ruhuna hörmətsizlik sayıram”.

Digər zərərçəkənlər isə torpaq alarkən onlara yalnız ərazilərin göstərildiyini, heç bir rəsmi sənəd təqdim olunmadığını bildiriblər. Onlar təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını deyiblər.

Növbəti məhkəmə prosesi noyabrın 23-nə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatına əsasən, cinayət işi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin istifadəsində olan dövlət torpaqlarının qanunsuz zəbt edilərək satılması faktları ilə bağlı başlanıb.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxslərdən bir qrupunun 25 hektardan, digər qrupunun isə 4 hektardan artıq kənd təsərrüfatı təyinatlı dövlət torpağını qanunsuz zəbt edərək vətəndaşlara satdığı iddia olunur.

Cinayət işi üzrə ümumilikdə 11 nəfər – Qalib Əliyev, Anar Hüseynov, Ceyhun Əşrəfov, Araz İsmayılov, Amin Quliyev, Arif Məmmədov, Vidadi Rəsulov, İlqar Qəhrəmanov, Orxan Vahidov, Ceyhun Dəmirov və Səfa Novruzov təqsirləndirilir.

Onlara Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 188.3-cü (kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.

İbtidai istintaq zamanı 20 hektardan artıq dövlət torpağı Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə qaytarılıb, zərərçəkənlərə dəymiş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar