Son illərdə ekranlara çıxan bəzi filmlər həm tamaşaçıların böyük rəğbətini qazanıb, həm də dünyanın ən nüfuzlu kino mükafatı olan "Oskar"a layiq görülüb. Bu ekran əsərləri maraqlı süjetləri, gözlənilməz hadisələri və aktyorların peşəkar ifaları ilə diqqət çəkir.
Lent.az xarici mediaya istinadla 2020-2025-ci illərdə çəkilən, "Oskar" mükafatı qazanan və IMDb platformasında yüksək qiymətləndirilən 10 filmin siyahısını təqdim edir.
Siyahıda dram, fantastika, triller və macəra janrlarında ekran əsərləri yer alıb.
1. "Hamnet" (2025-ci il)
IMDb: 7,9
Hadisələr XVI əsrin sonlarında İngiltərədə cərəyan edir. Gənc latın dili müəllimi teatr sahəsində karyera qurmaq üçün Londona yollanır. O, həyat yoldaşı Aqnesi və üç övladını Stratfordda qoyur. Təbiətlə xüsusi bağlılığı olan Aqnes ailəsinin qayğısına qalmağa çalışır. Lakin bölgədə ölümcül epidemiyanın yayılması ailənin həyatını tamamilə dəyişir. Film 2026-cı ildə Cessi Bakliyə ən yaxşı qadın roluna görə "Oskar" qazandırıb.
2. "F1" (2025-ci il)
IMDb: 7,6
Vaxtilə məşhur yarışçı olan Sonni Heys 1990-cı illərdə keçirdiyi ağır qəzadan sonra peşəkar yarışlardan uzaqlaşıb. İllər sonra köhnə dostu ona yenidən yarışlara qayıtmağı təklif edir. Bu dəfə Sonni gənc və istedadlı yarışçı Coşua Pirsə kömək etməlidir. Film sürət, rəqabət, dostluq və ikinci şans haqqında təsirli hekayə təqdim edir. Ekran əsəri ən yaxşı səs kateqoriyasında "Oskar" qazanıb.
3. "Bir döyüşdən sonra digəri" (2025-ci il)
IMDb: 7,7
Keçmiş radikal fəal Bob Ferqyuson 16 yaşlı qızı Uilla ilə birlikdə sakit həyat sürməyə çalışır. O, keçmişindən uzaqlaşaraq bütün diqqətini övladının tərbiyəsinə yönəldir. Lakin illər əvvəlki amansız düşməni yenidən ortaya çıxanda onların həyatı alt-üst olur. Gərgin hadisələrlə zəngin ekran əsəri 2026-cı ildə ən yaxşı film də daxil olmaqla altı "Oskar" mükafatı qazanıb.
4. "Sentimental dəyər" (2025-ci il)
IMDb: 7,8
Analarının ölümündən sonra Nora və Aqnes adlı iki bacı Oslodakı ailə evinin taleyini həll etməyə çalışırlar. Bu zaman uzun illər əvvəl ailəsini tərk edən ataları Qustav gözlənilmədən geri qayıdır. Tanınmış rejissor olan Qustavın dönüşü ailə üzvləri arasında keçmişin ağrılı xatirələrini yenidən canlandırır. Film ailə münasibətlərini, bağışlamağı və keçmişlə üzləşməyi əks etdirir. Ekran əsəri ən yaxşı beynəlxalq film nominasiyasında "Oskar" qazanıb.
5. "Anora" (2024-cü il)
IMDb: 7,4
Bruklində gecə klubunda çalışan gənc rəqqasə Anora varlı rusiyalı oliqarxın oğlu İvanla tanış olur. Onların sürətlə davam edən münasibəti Las-Veqasda gözlənilməz evliliklə nəticələnir. Lakin İvanın valideynləri bu nikahdan xəbər tutanda hər şey dəyişir. Anora öz xoşbəxtliyi uğrunda mübarizə aparmalı olur. Film 2025-ci ildə ən yaxşı film də daxil olmaqla beş "Oskar" mükafatı qazanıb.
6. "Brutalist" (2024-cü il)
IMDb: 7,2
İkinci Dünya müharibəsindən sonra istedadlı macar memar Laslo Tot yeni həyat qurmaq ümidi ilə ABŞ-yə köçür. O, həyat yoldaşı ilə yenidən birləşmək və peşəkar fəaliyyətini davam etdirmək istəyir. Çətinliklərlə üzləşən memarın taleyi varlı sənayeçi Harrison Van Burenlə tanışlıqdan sonra dəyişir. Ona nəhəng memarlıq layihəsi həvalə edilir. Lakin uğura gedən yol gözlədiyindən daha ağır olur. Film üç "Oskar" mükafatına layiq görülüb.
7. "Tətildə qalanlar" (2023-cü il)
IMDb: 7,9
Sərt xarakterli tarix müəllimi Pol Hanem Milad tətilində internat məktəbində qalmağa məcbur olur. Məktəbdə onunla birlikdə ailəsinin yanına gedə bilməyən problemli şagird Anqus və yaxınını itirən aşpaz Meri qalır. Bir-birindən tamamilə fərqli bu üç insanın münasibətləri zaman keçdikcə dəyişir. Film tənhalıq, dostluq və insanların bir-birini anlamaq bacarığı haqqında duyğusal hekayədir. Ekran əsəri ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" qazanıb.
8. "Hər şey, hər yerdə, eyni anda" (2022-ci il)
IMDb: 7,7
Kiçik qurutəmizləmə məkanı işlədən Evelin Vonq ailə problemləri, vergi yoxlaması və gündəlik qayğılarla mübarizə aparır. Lakin gözlənilmədən paralel kainatların mövcud olduğunu öyrənir. Məlum olur ki, müxtəlif reallıqlardakı həyatlarını birləşdirərək böyük fəlakətin qarşısını almaq yalnız onun əlindədir. Fantastika, komediya və dram janrlarını birləşdirən film yeddi "Oskar" mükafatı qazanıb.
9. "Ata" (2020-ci il)
IMDb: 8,2
Yaşlı Entoni Londonda yaşayır və qızı Annanın onun üçün tutduğu baxıcıların köməyini qəbul etmək istəmir. Qızı Parisə köçəcəyini bildirəndən sonra Entoninin həyatında qəribə hadisələr baş verir. O, getdikcə insanları, məkanları və hadisələri bir-birindən ayırmaqda çətinlik çəkir. Tamaşaçı isə baş qəhrəmanla birlikdə reallıqla xatirələr arasında qalır. Film Entoni Hopkinsə ən yaxşı kişi roluna görə "Oskar" qazandırıb. Ekran əsəri uyğunlaşdırılmış ssenari kateqoriyasında da mükafata layiq görülüb.
10. "Dəlil" (2020-ci il)
IMDb: 7,3
Təcrübəli kəşfiyyat agenti təhlükəli əməliyyatdan sonra gizli beynəlxalq təşkilata qoşulur. Burada o, zamanın əks istiqamətdə hərəkət etməsinə imkan verən qeyri-adi texnologiya ilə tanış olur. Agentin qarşısında bəşəriyyəti böyük təhlükədən xilas etmək vəzifəsi dayanır. Lakin bu missiyada keçmiş, indi və gələcək bir-birinə qarışır. Kristofer Nolanın rejissoru olduğu film mürəkkəb süjeti və möhtəşəm vizual effektləri ilə seçilir. Ekran əsəri ən yaxşı vizual effektlər kateqoriyasında "Oskar" qazanıb.
Siyahıdakı filmlərin hər biri fərqli mövzusu və özünəməxsus hekayəsi ilə diqqət çəkir. Psixoloji dram sevənlər üçün "Ata", fantastika həvəskarları üçün "Hər şey, hər yerdə, eyni anda", gərgin hadisələrə üstünlük verənlər üçün isə "Dəlil" maraqlı seçim ola bilər.