"Tik-tok"dakı "Kasıbın dostu" aldatdığı şikayətçilərə MEYDAN OXUDU
07 yanvar 2026 17:33 (UTC +04:00)

"Tik-tok"dakı "Kasıbın dostu" aldatdığı şikayətçilərə MEYDAN OXUDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Telman Hüseynovun sədrliyi ilə Bakıda bir qrup vətəndaşa qarşı "Tik-Tok" platformasında "Daşqın əmlak ofisi" adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Daşqın Məmmədovun  cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Şahid Əbdüləzimova Rəsmiyyə təqsirləndirilən Daşqın Məmmədovu  "tik-tok"dan tanıdığını bildirib:

"Tik-tok"da görmüşdüm Daşqını, eşitmişdik ki, şəhid ailələrinə, kasıblara ev verir. Mən də oğlumla ofisində gedib ona 5000 manat verdik. O da bizə 60 000  kredit verməli idi, ayda 300 ödəyəcəkdik. Anamız ölməsin, torpaq satıb vermişəm ona. Pulumu istəyirəm. Amma şikayətçi deyiləm, işdir da başına gəlib".

Şahid Məmmədova Gülnar isə bunları söyləyib:

"Blogerlərin reklamından gördük Daşqını, NZS-dəki ofisinə getdik. Dedi ki, bir qadına ev düşmüşdü, onun yerinə səni yazıram, 15 000 ver, 85 000 sizə pul ayrılacaq. Amma ayı aya qatdı, adamdan səs çıxmadı. Mən o pulu ona vermək üçün boğazıma qədər borc- xərcə girmişəm. Harada olursa olsun, türmədə və ya çöldə - məni maraqlandırmır, pulumu istəyirəm".

Şahid Nərminə Atakişiyevanın ifadəsi belə olub:

"2024-cü ilin  avqustunda "tik tok"da gördüm ki, Daşqın adlı oğlan çıxış edir  ki, kasıblara kömək edirəm. Görüşdüm, dedi əvvəldən 5 000 manat verməlisən. Getdim, "Bank Respublika"dan 10 000 manat götürdüm. Dedim, məni aldatmırsan ki, pulum batmayacaq? Dedi elə şey olmur. Dekabrda gəldim bunun yanına, düz marta kimi məni aldatdı. Getdim şikayətə polisə, ərizə yazmaq istəyirdim, qoymadı ki pulunu verəcəm. Mart, aprelə kimi gözlədim, gördüm puldan səs-soraq yoxdur. Gedib təzədən ərizə yazdım polisə".

Bu zaman təqsirləndirilən Daşqın Məmmədov "Kürdəxanıda iş yoxdur. İş yoxdursa, pul  da yoxdur, o zaman unudun pulu" deyə replika atıb.

Şahid Abuzərov Elşad Daşqının özünü makler kimi tanıtdığını  bildirib:

"Pulu onun özünə vermişəm, 22150 manat ziyandayam. Onu buraxın ki, çıxıb pulumuzu versin".

Şahid Əbülfəz Abdullazadənin ifadəsi belə olub:

"Mən Daşqını "tik-tok"dan yox, bir tanışım vasitəsilə tanışımışam. Yanvarda 10 000 verdim. Şikayətçiyəm, pulumu versin, sonra çıxsın".

Şahid Məmmədov Vüqar da danışıb:

"İlk danışığımız 10 000 oldu. Daşqın mənə 100 000 pul ayrılacağını demişdi. May ayında gördüm şikayətlər var, özünə zəng elədim. Dedi başıma iş gəlib, hamının pulunu qaytarılacaq".

Şahid Babayev Adil bildirib ki, D. Məmmədovu "tik-tok"dan tanıyıb:

"Kasıbın dostu" adı ilə səhifəsi vardı. Mənə onun ev dustaqlığına verilməsi istəyi çatmır. Necə olur ki, özümüz şikayət edib tutdurmuşuq, indi də məhkəmədən istəyirik ki, buraxsınlar, təzədən bunun ardınca düşək?"

Növbəti proses 28 yanvar  saat 16:00-a təyin olunub.

Xatırladaq ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkət külli miqdarda vəsaitlərini mənimsəyib.

Təqsirləndirilən Daşqın Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 ci maddəsi üzrə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1576

Oxşar yazılar