Xatirə İslam: “ATƏT-in Minsk qrupunu mən yox, mamam izləyir” – MÜSAHİBƏ
27 may 2009 17:30 (UTC +04:00)

Xatirə İslam: “ATƏT-in Minsk qrupunu mən yox, mamam izləyir” – MÜSAHİBƏ

“Ah, nə qədər ağlamışam, nə qədər sızlamışam... Sənsizləmişəm...” Bu mahnının sözləri çox məşhur ola bilər və müğənnini bu sözlərdən tanımaq olar. Ancaq onsuz da yazının başlığını görən oxucu bilir ki, Lent.az-ın qonağı müğənni Xatirə İslamdır. Ancaq nə ağlamaqdan, nə sızlamaqdan, nə əhli-şou-biznesdən, klip çəkilişlərindən, duet ortaqlarından... danışmırıq. Xatirə bu dəfə ciddi mövzuda “Ciddi-Ciddi” danışır.

- Siyasətlə nə dərəcə maraqlanırsınız?

- Vallah, sözün açığı mən siyasətlə maraqlanmıram. Ona görə ki, mən musiqi ilə maraqlanıram. Hərənin öz işi var. Gəlin belə danışaq. Ola bilər səhv fikirləşərəm, səhv deyərəm. Ona görə də çalışıram həmişə özümə aid olmayan şeylərə burnumu soxmayım. Bununla belə, çalışıram hər bir vətəndaş kimi təbii ki, bizdə hər zaman dövlətimizin arxasındayıq, xalqımızın qulluğundayıq. Düşünürəm ki, siyasətlə siyasətçilər məşğul olmalıdır.

- Siyasətlə maraqlanmasınız da Yeni Azərbaycan Partiyasının (YAP) üzvüsünüz. Necə oldu ki, partiyaya üzv yazılmaq üçün ərizə yazdınız?

- Səhv eləmirəmsə 2 ildir bu partiyaya üzvəm. Hamı kimi mən də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiya üzvü və Nərimanov rayonunun sakini kimi bu rayonun bütün tədbirlərində başda iştirak edirəm. Öz rayonumu təmsil edirəm. Əlimdən gələni edirəm. Dövlət tədbirlərində, seçkilərdə və s. tədbirlərin hamısında iştirak etmişəm. Bir çox müğənnilərdən fərqli olaraq mən günlərlə gedib səngərlərdə yatmışam. Elə bütün bunlar o deməkdir ki, mən siyasətə yaxşı baxıram. Ancaq başım çıxmadığına görə burnumu soxmuram.

- İqtidarlı–müxalifətli siyasətçilərimizdən kimləri tanıyırsınız?

- Müxalifət hələ var?

- Nə bilim, siz deməlisiniz...

- Müxalifət əvvəl var idi, mən uşaq olanda. Bir qoşun, “talpa” burda olurdu, bir “talpa” orda olurdu. Bir qisim camaat müxalifət olurdu, bir qismi iqtidar olurdu. Məncə indi elə söz-söhbətlər yoxdu axı...

- Bəs İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev?

- Allah onların hamısının canını sağ eləsin, hamısı oturublar yerlərində. Mən onlar haqqında nə deyə bilərəm? Hamısı oturub yerində, bir nəfəri (dövlət başçısı nəzərdə tutulur – P.A.) tanıyır, bir nəfər üçün çalışır, ona hörmət edir. Mən bilirəm ki, həmin müxalifətçilər də məhz belədir, yəni bir adam üçün çalışır. Əgər elə olmasaydı, çıxıb səs-küy salardılar. Hamı ağıllı sözə baxırsa, deməli hər şey yolunda gedir.

- Bəs üzvü olduğunuz YAP rəhbərliyindən kimləri tanıyırsınız?

- İlham Əliyevdən sonra Əli müəllimdi, ondan da sonra Nərimanov rayon təşkilatının sədri Təmraz müəllimdi.

- Partiya üzvü olaraq üzvlük haqqı ödəyirsinizmi?

- Vallah, yalandan necə deyim ki, ödəyirəm? Mən heç hara heç nə ödəmirəm.

- Üzvlük haqqı adətən kiçik məbləğ olur...

- Nə bilim, bizim aramızda haqq-salam var, yəqin mənə hörmət edib istəmirlər. Ancaq kimsə gəlib qeydiyyatda olduğum evdən istəsə, təbii ki, mən onu üzvlük haqqını ödəyərəm.

- Bir neçə müğənni həmkarınız, o cümlədən Tünzalə Ağayeva, Nadir Qafarzadə deputat seçilmək istədiklərini açıqlayıb. Sizin belə fikriniz yoxdu ki?

- Mən düşünürəm ki, Nadir kimi adamların ürəyi yaxşı olur... (fikrini tamamlamır). Bilirsiz, deputat olmaq o deməkdi ki, bir qisim camaatın problemiylə, dərdi-səriylə məşğul olasan. Mən istəyərdim ki, deputat seçilən insan qıraqda qalmasın. Məsələn, deputat seçildiyi rayonun suyu, işığı, qazı ilə maraqlansın. Onda deyərəm ki, iş budur.

- İndiki deputatlar maraqlanmır?

- İndiki deputatlar maraqlanır e. Maşallah, yollarımız da yaxşıdı, işığımız, qazımız, suyumuz... Söhbət ondan getmir. Nadirlə Tünzaləni nəzərdə tuturam ki, yəni onların ürəyi yaxşıdı. Mənə elə gəlir ki, onlar deputatın görməli olduğu işlərə cani-dildən yanaşarlar. Düşünürəm ki, cavan nəslin nümayəndələrindən də deputat olar. Onların bu istəyinə normal yanaşıram. Mən özüm də əgər istəsəydim... (fikrini tamamlamır). Düzdür, mən istəmirəm. Ancaq mənə belə bir təklif olunsaydı, böyük məmnuniyyətlə üzağardan işlər görərdim.

- Gələcəkdə deputat olmaq barədə düşünürsünüzmü?

- Deputatlıq mənə yaraşır ee. Çünki mən bir az zəhmliyəm, bir az kişi kimi xüsusiyyətlərim var, hamıya əl tutanam... Bu, mənim alnıma yazılıb. Sadəcə olaraq mən özüm-özümü o işə (deputatlıq nəzərdə tutulur – P.A.) cəlb eləmərəm. Yəni demərəm ki, ay məni deputat eləyin, deputat olum. Ancaq mənə belə bir iş təklif olunsa, yəni deyilsə ki, deputat ol, böyük məmnuniyyətlə hamıya əlimdən gələni edərəm. Hamı da görər ki, həyatda necə insanlar var.

- Mövzunu dəyişək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları ümidvericidirmi?

- Səmimi olaraq bir söz demək istəyirəm. Mənim ürəyimə damıb ki, bu yaxınlarda nə isə yaxşı bir şey olacaq. İnşallah yaxşı olar. Nə bilim, çoxdandır bu söhbətlər gedir. Yəqin ki, bunun bir sonu olar, belə getməz. Ancaq yenə də bunu bizim dövlətimizin başçısı, deputatlarımız, nazirlərimiz bilər. Mənə elə gəlir ki, şou-biznes əhlinin dediyiniz suala dəqiqliklə cavab verməsi eyib deyil.

- Ümumiyyətlə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları izləyirsinizmi?

- Əslində onların hamısını mənim mamam izləyir. Sadəcə olaraq mən evə gələndə deyir ki, belə oldu, elə oldu. Mənim izləməyə o qədər vaxtım olmur. Düzdür, mən dövlət tədbirlərini, bir dənə də olsun “Xəbərlər” proqramını qaçırmıram. Ancaq bundan fərqli olaraq, maqazin proqramı görən kimi dərhal televizorun kanalını dəyişirəm. Bilirsiz niyə? Çünki mənim özümdən asılı deyil, mən əsəb keçirə bilərəm, bir-iki saat ərzində əsəbi olaram, əsəblərim pozula bilər. Fikirləşirəm kimsə nə isə deyər, ürəkbulandırıcı söz olar. Onun dərdindən maqazin proqramlarına baxmıram. Ancaq “Xəbərlər”ə bütün telekanallarda baxıram, bir kanalda qurtaran kimi tez o birisinə çevirib onda da baxıram. Hamısına bir-bir baxıram ki, görüm kim xəbəri necə verir.

- ATƏT-in Minsk qrupu həmsədrlərinin ABŞ, Rusiya və Fransa olması Azərbaycan üçün nə qədər sərfəlidir?

- Mənə elə gəlir Amerika bizə kömək eləsə çox yaxşı olar. Çünki Amerika çox böyük bir dövlətdir.

- Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən nə gözləyirsiniz?

- Birincisi, əvvəlcədən demək bizə düşməz. İkincisi, birdən deyərəm düz çıxmaz. Ona görə də hər kəs belə şeyi ürəyində saxlamalıdır ki, görüşdən sonra münasibətini bildirsin. Belə də ki, açığı, bu barədə çox söhbətlər gedir. Ona görə də bu mövzuda danışmağa risk etmirəm. Allahın köməkliyilə hər şey yaxşı olacaq.

- Azərbaycana qonşu olan ölkələrdən hansılarını dost sayırsınız?

- Bayaq bir şey demək istəyirdim, yadımdan çıxdı. Həyatda bilirsiz ən böyük arzum nədi? Ən böyük arzum odu ki, Şuşa bizə qaytarılandan sonra hamı axınla ora gedəcək axı. Yəqin nə isə qeyd olunmaq üçün bir gün seçiləcək ki, bir tədbir olacaq, hamı da ora yığışacaq. Mənim ən böyük arzum odur ki, bayrağımızı ən hündür yerə sancım. Axı mən Şuşalıyam. İstərdim ki, müğənnilərdən bunu mən edim, çünki ən böyük arzumdu.

- Deməli Şuşanın Azərbaycana qaytarılacağına inanırsınız.

- Əlbəttə inanıram. Həyatda hər şey ola bilər. Ancaq yenə də bu. Bizim gördüyümüz işlərdən, danışıqlardan asılıdır. Hər şey bir həftənin içində çevrilə bilər.

- Bayaqkı sual qaldı, Azərbaycana qonşu olan ölkələrdən hansılarını dost sayırsınız?

- Mən əslində ən yaxın, dost ölkə olaraq Türkiyəni görürəm. Biz onlarla bir millətik. Deyəsən bir də İran yaxındı.

- İran necə yaxındı ki, onlar Ermənistanla güclü əməkdaşlıq edir?

- Onu bilmirəm. Mən elə şeyləri bilmərəm.

- Bayaq “Xəbərlər”ə baxdığınızı dediniz...

- Mən bilmirəm axı kim-kimlə dostluq edir.

- Yaxşı, bəs İranın nüvə silahına malik olacağı barədə dolaşan xəbərlərlə bağlı fikirləriniz necədir?

- Vallah, eşitdiyimə görə nüvə silahı yalnız İranda istehsal olunur. Əgər səhv etmirəmsə bu belədir... Düz deyirəm?

- Yox, düz demirsiniz.

- Nə bilim, eşitdiyimə görə bir dənə onlarda istehsal olunur. Ona görə də ürəyimdə onlara bəxtəvər kimi baxıram ki, kaş bizdə də belə olardı.

- Azərbaycan-Pakistan münasibətlərini necə dəyərləndirirsiniz?

- Mən Pakistan haqqında “voopşe” heç nə eşitməmişəm. Ona görə də bu suala cavab verə bilməyəcəyəm.

- Azərbaycanın düşmən ölkələri olaraq hansı dövlətləri görürsünüz?

- Düşmən Ermənistanı sayıram və... mənim ruslardan zəhləm gedir. Bu, mənim öz fikrimdir. Bəlkə də ruslar yaxşıdı, ancaq şəxsən mənim zəhləm gedir.

- Heç Rusiyada konsert vermisiniz?

- Mən dünyanın hər yerində oluram, musiqinin vətəni yoxdur. Rusiyada Kreml Sarayında başqa Azərbaycan müğənnilərilə birlikdə konsert vermişəm. Bu da rusların yox, Rusiyadakı Azərbaycan diasporasının təklifi ilə olub, gedib onlara konsert vermişik. Bir dənə də olsun rus gəlib bizə qulaq asmayıb. Rus bizi başa düşmür ki, gəlib qulaq assın, neynir gəlməyi? O bizik elə bütün günü rusa qulaq asırıq. Heç rusu öldürsən də bizə qulaq asmaz.

- Rusiya ilə Gürcüstan arasında baş verənlər barədə nə düşünürsünüz?

- İnanırsız, mənim heç bundan xəbərim yoxdu. Təkcə bilirəm ki, bu ölkələrin arasında nə isə skandal var. Ancaq nədən ibarət olduğundan xəbəri yoxdu, heç maraqlanmamışam. Çünki mən kökələndə depressiyada oluram. İndi də kökəlmişəm. İnanırsız, 2-3 aydı dünya vecimə də deyil. Kökələndə, iraq olsun, yanımda adam da ölsə onun tərəfə baxmaram. Gürcüstan-Rusiya söhbəti də yeni olduğundan xəbərim yoxdu.

- ABŞ-İraq münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz?

- İraqda camaatın başına o cür oyunların açılmasına heç yaxşı baxmıram. Belə şeylər mənə heç ləzzət eləmir. Nə qədər millətin başına oyun açırlar, arvad, uşaq çöllərdədi, mən o kadrlara baxanda pis oluram, hətta ağlamışam da. Belə etmək lazım deyil, Allah göydən baxır. Allahı unutmaq lazım deyil.


Pərvin ABBASOV
# 1580

Oxşar yazılar