Barak Obamanın Azərbaycandakı oxşarının bəxti açılıb
13 iyul 2009 16:30 (UTC +04:00)

Barak Obamanın Azərbaycandakı oxşarının bəxti açılıb

Asif Mustafayev Moskvaya dəvət edilib


ABŞ prezidenti Barak Obamanın oxşarı olan qəbələli aktyor və rəssam Asif Mustafayev işləmək üçün Moskvadakı “Oxşarlar” teatrına dəvət olunub.


APA-nın yerli bürosuna açıqlama verən Akif Mustafayev bildirib ki, “Oxşarlar” teatrında ABŞ prezidentinin obrazını canlandıracaq, eləcə də müqavilə əsasında reklam çarxlarına çəkiləcək. Obamanın oxşarı olan həmyerlimiz istirahət və bayram günlərində isə Moskvanın mərkəzi meydanlarında turistlərlə şəkil çəkdirəcək.


Akif Mustafayev dünyanın bir nömrəli məşhur insanının oxşarı olduğu üçün sərbəst rəssam geyimini rəsmi geyimlə dəyişdiyini deyib: “Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Oxşarlar” teatrının sahibi Dadaş Əliyev birgə işləmək üçün məni Moskvaya dəvət etdi. Biz Moskvada görəcəyimiz iş, onun texniki və maliyyə tərəflərini müzakirə etdik. Hələlik Rusiyada ən azı bir il işləyəcəyəm. İlk növbədə rus və ingilis dillərini öyrənməliyəm. Moskvada yaşayacağım evin kirayə xərcini, müxtəlif cür geyimlərin alınmasını, rəsm əsərlərimdən ibarət sərginin təşkil olunmasını öz üzərinə götürən həmyerlimiz Dadaş Əliyev Rusiya və ya ABŞ-da filmə çəkilməyim üçün kino şirkətləri ilə danışıqlar aparacaq. Mən Barak Obamanın obrazını böyük məmnuniyyətlə oynayacağam. Ən böyük arzum isə prezident Obama ilə görüşməkdir”.


“Oxşarlar” teatrının sahibi Dadaş Əliyev APA-nın müxbirinə bildirib ki, məqsəd “qəbələli Obama”nı Rusiyada və dünyada tanıtmaq, ona istedad və bacarığını nümayiş etdirməkdə köməklik göstərməkdir: “Dünya ictimaiyyəti azərbaycanlı Obamanı televiziya, internet və qəzet vasitəsilə izləyiblər. Ruslar və xarici turistlər ABŞ prezidentinin oxşarını yaxından görmək istəyirlər”.
# 829

Oxşar yazılar