Məşhur aktyor Kıvanç Tatlıtuğ, 2025-ci ilin avqust ayında Mərmərə dənizində yaxtası ilə itkin düşən və daha sonra meyiti tapılan iş adamı Halit Yukayın ölümü ilə bağlı açılan məhkəmə işində şahid qismində iştirak edib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktyor ifadə vermək üçün Balıkesirin Erdek rayonundakı ədliyyə binasına gəlib.
"Mazu Yachts" firmasının sahibi Halit Yukay, avqustun 4-də "Graywolf" adlı yaxtası ilə Yalovadan Bozcaadaya getmək üçün yola çıxıb, lakin bir müddət sonra onunla əlaqə kəsilib. Günlərlə davam edən axtarışlardan sonra iş adamının cansız bədəni dənizin dərinliklərində tapılıb.
Aparılan araşdırmalar nəticəsində həmin ərazidə hərəkət edən "Arel-7" yük gəmisinin yaxtaya çırpıldığı müəyyən edilib, gəminin kapitanı Cemal T. saxlanılsa da, daha sonra məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
İddiaya görə, qəza baş verən tarixlərdə Halit Yukay yaxın dostu Kıvanç Tatlıtuğ ilə əlaqə saxlayıb. Bu səbəbdən məhkəmə heyəti hadisə ilə bağlı bildiklərini danışması üçün məşhur aktyorun şahid qismində dinlənilməsinə qərar verib.
Tatlıtuğ bu gün hakim qarşısına çıxaraq hadisə vaxtı baş verənlər və dostu ilə son danışığı barədə ifadə verib.