Maykl Cekson
02 mart 2026 13:58 (UTC +04:00)

Maykl Cekson

Maykl Ceksona qarşı pedofiliya ittihamları irəli sürülüb

0

Məşhur amerikalı müğənni, rəqqas və aktyor Maykl Ceksona qarşı pedofiliya ilə bağlı yeni ittihamlar irəli sürülüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, fevralın sonunda Edvard, Dominik, Mari-Nikol və Aldo Kaşo adlı bacı-qardaşlar məhkəməyə müraciət ediblər. Onlar mərhum musiqiçini uşaqların cinsi istismarı məqsədilə alverində ittiham edir və iddia edirlər ki, sənətçi onların azyaşlı olduqları dövrdə onlara qarşı zorakılıq edib.

Kaşo bacı-qardaşları bildirirlər ki, müğənni ilə ataları vasitəsilə tanış olublar. Ataları Maykl Ceksonun tez-tez qaldığı oteldə çalışıb. İddia ərizəsində qeyd olunur ki, ifaçı hədiyyələr, diqqət və xüsusi münasibət göstərərək ailənin etimadını qazanıb. Bundan sonra isə guya uşaqları təcrid edib, onlara narkotik və alkoqol verib, pornoqrafik materiallar nümayiş etdirib və şəxsən zorakılıq edib. İddiaçıların sözlərinə görə, zorakılıq uzun müddət ərzində və müxtəlif məkanlarda baş verib.

Maykl Ceksonun ailəsinin nümayəndəsi yeni qalmaqallı ittihamlara artıq reaksiya verib. Vəkil bildirib ki, Kaşo ailəsinin iddiaları həqiqətə uyğun deyil və onlar bu yolla sadəcə pul qazanmağa çalışırlar. Onun sözlərinə görə, məhkəmə iddiasından əvvəl Ceksonun ailəsindən susmaq müqabilində pul tələb olunub. Vəkil həmçinin qeyd edib ki, daha əvvəl Kaşo ailəsinin digər üzvləri və iddiaçıların qardaşı Frenk açıq şəkildə musiqiçinin onlardan heç birinə qarşı qeyri-etik hərəkət etmədiyini bildirmişdilər.

Qeyd edək ki, Maykl Cekson ilk dəfə 1993-cü ildə azyaşlıya qarşı cinsi zorakılıqda ittiham olunmuşdu. Həmin vaxt iddia edilirdi ki, sənətçi yetkinlik yaşına çatmayan şəxsə qarşı uyğunsuz davranıb. Müğənni bütün ittihamları rədd etmiş və məsələni məhkəmədənkənar qaydada həll edərək oğlanın ailəsinə 20 milyon dollardan artıq vəsait ödəmişdi.

2003-cü ildə “Maykl Ceksonla həyat” adlı sənədli film yayımlanmışdı. Həmin filmdə o, uşaqlara sevgisindən danışmış və onların öz malikanəsində gecələdiyini etiraf etmişdi. Sənətçi azyaşlılarla eyni yatağı paylaşmaqda pis heç nə görmədiyini bildirmiş, lakin sözlərində cinsi məna olmadığını vurğulamışdı.

2003-cü ilin sonunda isə Maykl Ceksona qarşı yenidən məhkəmə iddiası qaldırılmışdı. O, yeddi epizod üzrə azyaşlıların əxlaqının pozulması və iki epizod üzrə yetkinlik yaşına çatmayanlara alkoqol verilməsi ilə ittiham olunmuşdu. Musiqiçi bütün ittihamları inkar etmiş və nəticədə məhkəmə onu bütün maddələr üzrə bəraətə layiq görmüşdü.

Xatırladaq ki, bu yaxınlarda ispaniyalı müğənni Xulio İqlesias da cinsi zorakılıqda ittiham olunub və sənətçi onun ətrafında yaranan qalmaqala münasibət bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar