Britni Spirs Meksikanın Kabo-San-Lukasdakı istirahətindən Los-Ancelesə qayıdarkən daha bir qalmaqalın mərkəzinə düşüb – müğənni şəxsi çarter reysi zamanı qalmaqala sbəb olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ulduz qeyri-adekvat davranıb: spirtli içkilər qəbul edib və birbaşa uçuş zamanı siqaret çəkib, bu isə aviasiya qaydalarının birbaşa pozulmasıdır. Bələdçiləri dərhal reaksiya verərək Spirsdən siqaret çəkməyi dayandırmasını xahiş ediblər.
O, siqaretini söndürüb, lakin hadisə qeydə alınıb və yer xidmətlərinə çatdırılıb. Los-Anceles hava limanına çatdıqda müğənniyə rəsmi xəbərdarlıq verilib.
Daha sonra Britni bu vəziyyəti öz Instagram səhifəsində şərh edərək, ilk dəfə olaraq araq içdiyini və sərxoş vəziyyətdə siqaret çəkməyin qadağan olduğunu tam başa düşmədiyini bildirib. Onun sözlərinə görə, siqareti ona müşayiətçisi verib və o, "o siqaret çəkirsə, deməli bu icazəlidir" deyə düşündüyünü vurğulayıb. Spirs davranışına görə üzr istəyib və bunu pis niyyət olmadan etdiyini bildirib.
Lakin münaqişə bununla bitməyib. Britninin sözlərinə görə, elə uçuşun əvvəlindən bir stüardessa ilə aralarında gərginlik yaranıb. “O mənə dərhal antipatik gəldi”, – deyə müğənni etiraf edib. Üstəlik, Spirs ekipaj əməkdaşını şəxsi sərhədlərini pozmaqda ittiham edib:
“Enişdən sonra o məni təhlükəsizlik kəməri ilə bağladı və çıxmağa imkan vermədi. Bu, alçaldıcı idi”.
Hadisə sosial şəbəkələrdə və mətbuatda geniş rezonans doğurub, aviasiya sahəsinin nümayəndələri isə xatırladıblar ki, hətta şəxsi çarter reyslərində də adi reyslərdə olduğu kimi eyni təhlükəsizlik qaydaları qüvvədədir.