Məşhurluq milyonlarla insanın sevgisini qazandırsa da, bəzən bu maraq təhlükəli həddə çata bilir. Dünya ulduzlarından bəziləri fanatlarının təqibi, evlərinə girməyə cəhd etməsi və təhdidləri ilə üzləşiblər.
Lent.az xarici mediaya istinadən fanatlarının təhlükəli davranışları ilə qarşılaşan məşhurlar barədə məlumat təqdim edir.
Britni Spirs
Britni Spirsin fanatlarından biri onunla birlikdə olmaq üçün Yaponiyadan ABŞ-a gəlib. Yaşlı kişi müğənnini izləməyə başlayıb və vəziyyət o həddə çatıb ki, onun Spirsə yaxınlaşmasına məhkəmə qərarı ilə qadağa qoyulub.
Bred Pitt
Bred Pittin başına gələn hadisə isə daha qəribə olub. Afina Rolando adlı fanat aktyorun evinə daxil olub. Polis qadını Pittin yatağında aşkarlayıb. Hadisə zamanı aktyor evdə olmayıb.
Madonna
Madonnanı təqib edən Qjeqoj Metlok adlı polşalı fanat ulduzun yataq otağına çatmaq üçün evin divarı ilə yuxarı qalxıb. Lakin mühafizəçilər tərəfindən kənarlaşdırılıb.
Bleyk Layvli
Aktrisa Bleyk Layvli də təqibçi fanatla üzləşib. Həmin şəxs aktrisa ilə aralarında “metafizik bağ” olduğunu iddia edib və bir neçə dəfə həm Layvli, həm də onun anası ilə görüşməyə çalışıb.
Cennifer Lourens
Cennifer Lourens və onun qardaşı isə Kanadadan olan bir şəxsin davamlı məktubları ilə üzləşiblər. Həmin adam əvvəlcə özünü aktrisanın əri kimi təqdim edib, daha sonra isə İsa olduğunu iddia edib.
Mayli Sayrus
Mayli Sayrusun evinə daxil olmağa çalışan Ceyson Luis Rivera adlı şəxs isə özü ilə qayçı götürüb. O, bir müddət özünü müğənninin əri, başqa vaxt isə dostu adlandırıb. Hadisə təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə nəticələnib.