“Toppuş bacı”: “...uşağımız var” - REPORTAJ
27 iyul 2013 12:30 (UTC +04:00)

“Toppuş bacı”: “...uşağımız var” - REPORTAJ

Lent.az-ın “Bazarlıq”ında yenicə ailə qurmuş, əməkdar artist Tünzalə Əliyevadır. Tamaşaçılar onu daha çox “Toppuş bacı”  kimi tanıyırlar. O, bazarlığa tək yox, həyat yoldaşı ilə gəlib.

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

 

 

 

Onlarla bazarlıq edəcəyimiz super-marketin qarşısında görüşdüm

 

 

- İşlərin çoxluğundan sizin layihənizdə iştirak edə bilmirdim, baxmayaraq ki, təklifinizi çoxdan almışdım. Həm də artıq ailəli qadınam. Tək deyiləm. Hara gedirəmsə, ilk növbəmdə yoldaşımla məsləhətləşirəm. Nəhayət, bu gün görüşə bildik. Tərif kimi çıxmasın, layihəniz  maraqlıdır. Bu cür layihələri çox sevirəm. Ailə qurandan sonra sosial şəbəkədən o qədər də istifadə etmirəm. Ancaq 1-2 informasiya portallarını izləyirəm, sizin saytınızı da... Bazarlığa başlamaq olar. Nədən başlayaq?

 

 

 

- Öncə hansı şöbəyə baş çəkək?

 

-  Tərəvəz... Sözün düzü dünən həyat yoldaşımla alış-veriş etdim, amma yadımızdan çıxan məhsullar oldu. Onları da bu gün alarıq. Xüsusi ilə də tərəvəz .

 

“Yoldaşım nə istəsə bişirə bilərəm”

 

2 kiloqram lobya, 1 kiloqram olmaqla pomidor, xiyar, bibər, badımcan alıb, keçirik süd məhsulları şöbəsinə.

 

 

- Məncə burdan heç nə almayacağıq. Ağartı məhsulları bizdə boldu. Amma süd qurtarıb. 1 litr  almaq olar.

 

- Tünzalə xanım, evdə yemək bişirirsizmi?

 

- Sözün düzü, heç evdə tapılırıq ki? Yenicə ailə qurduğumuza görə hər gün harasa qonaq çağırırlar. Demək olar ki, hər gün qonaqlıqdayıq. Amma nə desən bişirə bilərəm. İşlərim çox olduğuna görə evdə mənə anam kömək edir. Amma vaxt tapan kimi yemək hazırlamağı sevirəm.

 

- Yoldaşınızın ən çox sevdiyi yemək hansıdır?

 

- Küftə. Demək olar ki, zövqlərimiz eynidir. O, nə yeyirsə mən də ondan yeyirəm

 

“Əvvəllər yemək üstündə mübahisəmiz olurdu”

 

-Bəs sevmədiyiniz yemək?

 

- Mənə baxanda görmək olar ki, bütün yeməkləri yeyirəm. (gülür) Amma borşu xoşlamıram. Heç Royal da xoşlamır.

 

 

- Bişirdiyiniz yemək üstdə mübahisələriniz olurmu?

- Hə, əvvəllər olurdu. Onun sevmədiyi yeməkləri hazırlayanda. Amma indi yox. Artıq bilirəm hansı yeməyi sevir. Belə bir söz var ki, “Kişinin ürəyinə yol, mədəsindən keçir”. Artıq onun ürəyindəyəm. (gülür)

 

Keçirik ət şöbəsinə

 

- Ən çox hansı ət yeməklərinə üstünlük verirsiz?

- Qoyun ətini o qədər də sevmirik. Mal əti və toyuq. Mal ətini elə ötən gün almışıq. Ona görə də indi toyuq götürəcəm.

 

“...uşağımız var”

 

3 kiloqramlıq toyuq alıb, keçirik parfümeriya bölməsinə.

 

 

- Hə, burdan yalnız yuyucu toz və uşaq şampunu alacağıq. İlk növbədə uşaq şampunu. Həyat yoldaşımla uşaq şampunu işlədirik. İndi uşaq şampunu alacağıq, elə biləcəklər ki, uşağımız var. (gülür)

 

“... mənə qadağan edir”

 

 

2 ədəd şampun, 1 kiloqram yuyucu toz alıb, keçirik şirniyyata.

 

- Deyəsən, şirniyyat sevənsiniz?

 

- Şirniyyatı hədsiz sevirəm. Amma yoldaşım çalışır ki, şirniyyat yeməyim. Diqqət etdinizsə, şirniyyat satılan şöbəyə girəndə, mənə dedi ki, gəl bu tərəfə. (gülür) Bilir ki, şirniyyat yeyənəm. Şirniyyatı da yeyib, kökələ bilərəm. Çox sağ olsun, mənə diqqət edib, qayğıma qalır. Amma   marmelad və konfet alacam.

 

1 kiloqram marmelad və konfet alır.

 

 

 Beləcə Bazarlıq edib, kassaya yaxınlaşarıq.

 

- Sizcə bazarlığa nə qədər pul xərclədiniz?

 

- Dəqiq deyə bilmərəm. Görək nə qədər olacaq. Nə qədər olur, olsun da(gülür). 

 

 

Kassir xanım malları hesabladıqca Tünzalə Əliyevanın yoldaşı Royal bəy pul kisəsinin ağzını açır,  pulları sayıb verir.

 

***

 

Beləliklə, məbləğ bəlli olur: 68 manat 82 qəpik.

 

# 14443
avatar

Yalçın UĞUR

Oxşar yazılar